Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda "İslam həmrəyliyinin təbliği və təşviqində medianın rolu" mövzusunda regional konfrans keçirilib

18 aprel 2017 | 16:00

     Aprelin 18-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVİDDF)  və Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə "İslam həmrəyliyinin təbliği və təşviqində medianın rolu" mövzusunda regional konfrans keçirilib. Tədbirdən öncə Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov və Bakıdan gəlmiş qonaqlar  Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül düzərək xatirəsinin yad ediblər.
Konfransın rəsmi açılışını edən Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov Prezident İlham Əliyevin 2017-ci ilin Azərbaycan Respublikasında “İslam həmrəyliyi ili” elan edilməsi haqqında sərəncamının böyük tarixi əhəmiyyət kəsb etdiyini bildirərək, indiki dövrdə bu sənədin böyük problemə çevrilmiş İslam ölkələri arasında ziddiyyətlərin aradan qaldırılmasına, həmrəyliyin formalaşdırılmasına yönələn mühüm addım kimi dəyərləndirib. İcra başçısının sözlərinə görə, bu gün Azərbaycanda bütün dinlərə eyni səviyyədə hörmət bəslənilir və ölkənin inanclı vətəndaşlarının hər birinin öz dini etiqadlarını yerinə yetirmələri üçün bərabər şərait yaradılıb.
Azərbaycan Respublikasının Prezidenti yanında KİVİDDF-nun icraçı direktoru Vüqar Səfərli də çıxışında respublikanın cənub bölgəsində islami dəyərlərə həmişə böyük hörmətlə yanaşıldığını qeyd edərək, Fondun bu mövzuda keçirdiyi regional konfransın birinci olaraq Lənkəranda reallaşmasının təsadüfi olmadığını diqqətə çatdırıb. Cari ilin 12-22 may tarixində Bakıda IV İslam Oyunlarının keçiriləcəyini xatırladan natiq bu oyunlarda 57 ölkədən 3000-ə yaxın idmançının iştirak edəcəyini və Azərbaycan həqiqətləri ilə yaxından tanış olmaq imkanları qazanacağını bildirib.
Konfransda  Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Xidmətinin aparıcı məsləhətçisi Ceyhun Məmmədov "İslam həmrəyliyi Azərbaycanda dövlət siyasətinin prioritet istiqaməti kimi", Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov "Müasir dövrün qlobal çağırışları və İslam həmrəyliyi zərurəti", "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev "İslam həmrəyliyinin təbliği və təşviqində medıanın rolu", "Trend" İnformasiya Agentliyinin baş direktor müavini Aydın Quliyev  "İslam həmrəyliyi dünyada sülh, təhlükəsizlik və inkişafa təminatdır" mövzusunda məruzələrlə çıxış edərək ölkəmizin tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verdiyini, eləcə də əldə olunmuş nailiyyətlərin təbliği və təşviqində medianın da üzərinə böyük vəzifələrin düşdüyünü dönə-dönə vurğulayıblar.

Tədbirin sonunda konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Keçidlər