Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA YENİ SİTRUS BAĞLARI SALINIR

13 aprel 2017 | 16:00

Azərbaycanın dilbər guşələrindən olan Lənkəranın sitrus bağlarının şöhrəti ölkəmizin hüdudlarından uzaqlara yayılıb. Sovet dönəmində burada yetişdirilən müxtəlif növ sitrus meyvələri keçmiş ittifaqın ayrı-ayrı regionlarının və uzaq xarici ölkələrin ticarət şəbəkələrinə göndərilib. Hazırda rayonda 680 ha məhsuldar sitrus bağları mövcuddur. Rayonun əlverişli coğrafi-iqlim xüsusiyyətlərinə və əkinçilik ənənələrinə uyğun olaraq burada yeni sitrus bağları salınır. Artıq  bir neçə il bundan əvvəl  rayonun Sutəmurdov kəndi ərazisində 15 ha sahədə “Gilan Aqro” MMC müəssisəsi tərəfindən Cənubi Koreyadan gətirilmiş hallobonq sortlu sitrus ağacları əkilmişdir. Ötən il həmin plantasiyalardan 1,5 ton nübar məhsul yığılmışdır. Bu il isə Sutamurdov kəndi ərazisində əlavə 3 ha, Siyavər kəndi ərazisində 5 ha  sahədə yeni plantasiyalar salınıb. Eyni zamanda Şürük kəndi ərazisində yeni hallobonq sitrus plantasiyası salınmaqdan ötrü 20 hektar ərazidə torpaq sahəsi əkinə tam hazır vəziyyətə gətirilmişdir. Bu günlərdə burada əkinə başlanılacaqdır. Hazırda rayonun Tükəvilə kəndi ərazində 40 hektar sahədə yeni plantasiya salınır. Əkin işlərinə yaxın yaşayış məntəqələrindən 200 nəfərə qədər kənd sakini cəlb olunub.Rayonda ümumilikdə 100 hektaradək sahədə hallobonq sortlu sutrus ağaclarından ibarət plantasiyaların salınması nəzərdə tutulmuşdur. Əkin işləri sürətlə davam edir.
Hallobonq sitrus sortu yüksək dad keyfiyyətlərinə və əmtəəlik xüsusiyyətlərinə malik sənaye əhəmiyyətli meyvədir. Bu növün məhsuldarlığı hektarda orta hesabla 35-45 tona çatacaq ki, bu da yerli növlərdən 2-3 dəfə çoxdur. İstehsal olunmuş meyvələrdən təzə halda və qida, qənnadı, kosmetik, ətriyyat və digər sənaye sahələrində, həmçinin şirə istehsalında və şərabçılıqda istifadə edilməsi nəzərdə tutulur. O cümlədən daxili bazarda satış üçün rayonda mövcud olan Gilan-Lənkəran konserv zavodunda meyvə şirəsi istehsal olunacaq. Sitrus təsərrüfatında mövsüm ərzində ümumilikdə 1800 ton məhsul götürüləcək ki, bu da 180 min nəfərin illik istehlak normasına bərabərdir.

Keçidlər