Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA YENİ AZƏRBAYCAN PARTİYASININ 20 İLLİYİ TƏNTƏNƏLİ ŞƏKİLDƏ QEYD EDİLDİ

18 oktyabr 2012 | 15:00

Dünənin, bu günün və sabahın partiyası olan Yeni Azərbaycan Partiyasının yaranmasının 20 ili tamam olur. Əlamətdar yubiley münasibətilə respublikamızın hər yerində olduğu kimi, Lənkəranda da təntənəli bayram şənliyi keçirildi.
Oktyabrın 17-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, YAP-ın İdarə Heyətinin üzvü Kərim Kərimov, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, YAP-ın məsul işçisi Mirkamal Seyidov, İcra Aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının və bir sıra təşkilatların rəhbərləri Heydər Əliyev Xatirə parkına gələrək Ulu Öndərin əzəmətli abidəsini ziyarət etdilər, abidənin önünə təzə-tər qərənfillər qoydular.
“Şah Sarayı”nda düzənlənən bayram şənliyinə partiyanın veteranları, ilk təşkilatların sədrləri, üzvləri, fəalları və gənclər dəvət olunmuşdular.
YAP Lənkəran şəhər təşkilatının sədri İlqar Dadaşov yubiley münasibətilə məruzə etdi. Natiq əvvəlcə bütün siyasi həmfikirləri əlamətdar bayram münasibətilə təbrik etdi, məruzəsində YAP-ın yaranma tarixindən, partiyanın keçdiyi şərəfli yoldan və ölkəmizin həyatında oynadığı ictimai-siyasi rolun əhəmiyyətindən söz açdı, möhtərəm Prezidentimiz İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin siyasi kursuna sadiqliyindən, Azərbaycanın dünya dövlətləri sırasında indiki özünəməxsus mövqeyindən və bu sahədə iqtidar partiyasının mövqeyindən ətraflı bəhs etdi, Lənkəran şəhər təşkilatının fəaliyyətindən, onun üzvlərinin rayonumuzun ictimai-siyasi həyatında fəal iştirakından danışdı.
Sonra söz YAP-ın İdarə Heyətinin üzvü Kərim Kərimova verildi. Ağsaqqal partiya funksioneri ilk öncə YAP-ın 20-ci ildönümü münasibətilə bütün siyasi həmfikirləri təbrik etdi. O daha sonra YAP-ın Ulu Öndər Heydər Əliyevin sədrliyi altında ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynadığını xüsusi vurğuladı, hazırda partiyanın sədri, möhtərəm Prezidentimiz İlham Əliyevin bu kursu uğurla davam etdirməsindən söhbət açdı, YAP-ın keşməkeşli bir dövrdə – 1992-ci il noyabrın 21-də 91 nəfər ziyalının Heydər Əliyevə müraciətindən sonra Naxçıvanda yaradılması barədə konkret faktlardan danışdı.
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli təbrik nitqində qeyd etdi ki, Ulu Öndər Heydər Əliyev YAP-ın təməl daşını qoyub. 2013-cü ildə partiyamız yenidən prezident seçkilərində iştirak edəcək və öz layiqli namizədini – İlham Əliyevi dəstəkləyəcək. YAP daim hakimiyyətdə olacaq, daim qələbə çalacaq. Partiyamız ilə hakimiyyət həmişə birdir və daim bir məqsədə – xalqın daha firavan yaşamasına, Azərbaycanın daha da çiçəklənməsinə xidmət edir.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxışında bütün siyasi həmfikirləri əlamətdar bayram münasibətilə təbrik etdi, YAP-ın tarixi zərurətdən yarandığını və xalqın maraqlarına xidmət göstərdiyini xüsusi vurğuladı. Bizim gücümüz Azərbaycan xalqının iqtidar partiyasına olan sevgi və inamındadır deyən İcra başçısı əlavə etdi ki, düz 20 ildir YAP Azərbaycan xalqı ilə çiyin-çiyinədir. Əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyası hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ümid edirik ki, hər birimiz bundan sonra da Ulu Öndərin ideyalarına sadiq qalacaq, partiyamızın sədri, cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşəcək. İcra başçısı sonda hamını gələn il keçiriləcək prezident seçkilərində hamılıqla möhtərəm dövlət başçısına səs verməyə çağırdı.
Taleh Qaraşov daha sonra Azərbaycanın sürətli inkişafından, Lənkəranda aparılan genişmiqyaslı yenidənqurma, tikinti, abadlıq işlərindən söz açdı, partiyanın fəaliyyətinə bundan sonra da yeni-yeni uğurlar arzuladı.
İcra başçısı sonra bir qrup gəncə YAP-ın üzvlük vəsiqələrini təqdim etdi.
Rəsmi hissədən sonra rayonumuzun incəsənət ustalarının ifasında maraqlı, rəngarəng konsert proqramı nümayiş etdirildi.
 

Keçidlər