Lənkəran Şəhər Heydər Əliyev Mərkəzində Ulu Öndərin anım gününə həsr olunmuş “Əbədiyyətə doğru” mövzusunda tədbir keçirilmişdir
Lənkəran şəhər Heydər Əliyev Mərkəzində 09 dekabr 2016-cı il tarixində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 13-cü ildönümü ilə bağlı rayon ziyalılarının, gənclərin iştirakı ilə “ Əbədiyyətə doğru” adlı anım tədbiri keçirilmişdir. Tədbir iştirakçıları ilk öncə Ümumilli Liderin büstünü ziyarət etmiş, həyat və fəaliyyətini əks etdirən foto şəkillərlə tanış olmuşlar.
Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Reyhanə Sadıxova açaraq, Ulu Öndər Heydər Əliyevin keçdiyi mənalı və şərəfli həyat yolundan, dövlətimizin iqtisadi cəhətdən gücləndirilməsi istiqamətindəki fəaliyyətindən, Lənkərana etdiyi səfərlərindən, rayonun inkişafı istiqamətində gördüyü işlərdən söz açmışdır.
Daha sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən film tədbir iştirakçıları tərəfindən maraqla izlənilmişdir.
Lənkəran Dövlət Universitetinin müəllimi, filologiya elmləri doktoru Yədulla Ağazadə, tarix elmləri üzrə fəlsəfə doktoru Kamal Mahmudov öz çıxışlarında Heydər Əliyevin Azərbaycan mədəniyyətinin, tarixinin inkişafındakı böyük rolundan, möhtəşəm fəaliyyətindən, Vətənə, xalqa şərəfli xidmətindən söhbət açmışlar.
Xatirə tədbiri Ümummilli Liderə həsr olunmuş ədəbi-bədii kompozisiya ilə yekunlaşmışdır.