Lənkəran Şəhər Heydər Əliyev Mərkəzində “QİÇS-ə yox deyək” mövzusunda maarifləndirici tədbir keçirildi
Lənkəran şəhər Heydər Əliyev Mərkəzində 01 dekabr 2016-cı il tarixində Umumdünya QİÇS-lə mübarizə günü ilə əlaqədar maarifləndirici tədbir keçirilmişdir. Profilaktik təbliğat məqsədi daşıyan tədbirdə rayon gənclərinin bir qrupu və həkim mütəxəssislər iştirak etmişlər. Mərkəzin direktoru Reyhanə Sadıxova son əsrlərin ən dəhşətli bəlası sayılan xəstəliyin cənub bölgəsində, o cümlədən Lənkəranda yayılmasının ciddi narahatlıq doğurduğunu deyərək profilaktik tədbirlərin bu istiqamətdə mühüm rol oynadığını diqqətə çatdırmışdır.
Əsrimizin bəlası olan xəstəliyin dəhşətlərini önə çəkən videoçarxın nümayişindən sonra Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Lənkəran regional labaratoriyasının müdiri Rəmiəli İbişov iştirakçılara xəstəlik, yoluxma yolları, profilaktikası və son illərin statistikası barədə ətraflı məlumat vermişdir. Daha sonra Lənkəran Rayonlararası Narkoloji Dispanserin baş həkimi Vüqar Əliyevin maarifləndirici çıxışı iştirakçılıar tərəfindən maraqla qarşılanmışdır. Diskussiya şəraitində keçən tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.