NORVEÇİN AZƏRBAYCANDAKI SƏFİRİ LƏNKƏRANA GƏLMİŞDİR
Noyabrın 22-də Norveçin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Bord İvar Svendsen Lənkərana səfərə gəlmişdir.
Rayonla tanışlıq məqsədi daşıyan səfər çərçivəsində Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov səfiri qəbul etmişdir.
İcra başçısı qonağa rayonun tarixi, coğrafi mövqeyi, əhalisi və iqtisadiyyati barədə ətraflı məlumat vermiş, aqrar sahənin dirçəldilməsi istiqamətində həyata keçirilən tədbirlərdən söz açmış, xüsusilə rayon üçün ənənəvi olan çəltikçiliyin inkişafına xüsusi önəm verildiyini diqqətə çatdırmış, yaxın zamanlarda Lənkəranda düyü emalı sexinin istifadəyə veriləcəyini bildirmiş, rayonun turizm potensialından və.s məsələlərdən bəhs etmişdir.
Cənab Bord İvar Svendsen səmimi qəbula və mehriban qonaqpərvərliyə görə minnətdarlığını bildirmiş, Azərbaycan-Norveç respublikaları arasında ikitərəfli əməkdaşlığın inkişaf etdiyini söyləmişdir. Lənkərana ilk dəfə səfər etdiyini vurğulayan qonaq Lənkəranın iqtisadiyyatı ilə tanış olduğunu, burada turizmin inkişafı üçün geniş imkanların olduğunu bildirmiş, Lənkəranda müxtəlif xalqların nümayəndələrinin mehriban, qarşılıqlı anlaşma şəraitində yaşamasını tolerantlığın bariz nümunəsi kimi dəyərləndirmişdir.
Görüşdə həmçinin müxtəlif məsələlərlə bağlı fikir mübadiləsi aparılmışdır.
Sonda qonağa hədiyyələr təqdim edilmişdir.
Görüş başa çatdıqdan sonra səfir Bord İvar Svendsen Lənkəran şəhəri ilə tanış olmuş, “Yaşıl çay” təsərrüfatında fermerlə görüşmüş, sitrus bağına səfər etmiş, Lənkəran konserv və mexanikləşdirmə zavodlarına baş çəkmişdir.