Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranın füsunkar təbiəti, tarix və mədəniyyət abidələri məktəblilərinin böyük marağına səbəb olub

19 noyabr 2016 | 16:00

“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil edilmiş tur-aksiyanın Bakının Sabunçu, Nərimanov, Nizami, eləcə də Zaqatala, Balakən, Qax və Tərtər rayonlarının, Yevlax və Şuşa şəhərlərinin IX-XI sinif şagirdləri noyabrın 18-də Lənkəran rayonuna səyahət ediblər.
Tur-aksiyanın iştirakçıları əvvəlcə Lənkəran şəhərindəki Heydər Əliyev Xatirə Parkında Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Ulu Öndərin adını daşıyan Mərkəzdə böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Rasilə Əliyeva tur-aksiyanın iştirakçılarını salamlayaraq məktəblilərə rayonun tarixi, adət-ənənələri, mədəniyyət abidələri, əhalinin məşğulluğu, turizm potensialı, sosial-iqtisadi inkişafı barədə məlumat verib.
Azərbaycan Prezidentinin tövsiyəsinə əsasən ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri üçün təşkil edilmiş “Ölkəmizi tanıyaq” devizi ilə təşkil edilmiş maarifləndirici tur-aksiyaların əhəmiyyətini yüksək dəyərləndirən R.Əliyeva məktəblilərə Azərbaycanın bölgələrinin tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri ilə yaxından tanış olmaq imkanı yaradan humanitar aksiyanın təşkilatçılarına minnətdarlığını bildirib.
Sonra humanitar aksiyanın iştirakçıları Lənkəran şəhərindəki Gənclər Mərkəzinə gəliblər. Məktəblilərə məlumat verilib ki, Gənclər Mərkəzi 2013-cü il oktyabrın 15-dən fəaliyyət göstərir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Mərkəzin açılışında gənclərlə görüşündə dediyi “Çalışın Azərbaycanın hər bir yerində olun və görün ki, doğrudan da Azərbaycan gözəl ölkədir” sözləri məktəblilərin diqqətinə çatdırılıb.
Qeyd olunub ki, dövlətimizin başçısının gənclərə verdiyi tövsiyyələr bu gün reallığa çevrilib. 2014-cü il avqustun 1-dən başlayaraq hər il Azərbaycanın şəhər və rayonlarının ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyaları təşkil edilir.
Bildirilib ki, məktəblilər tur-aksiyalar zamanı ölkəmizin tarixini dərindən öyrənməklə yanaşı, onlara ümummilli lider Heydər Əliyevin siyasi irsi, Ulu Öndərin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində əldə olunmuş misilsiz nailiyyətlərlə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişaf və böyük quruculuq işləri ilə hər bir şəhər və rayonun  nümunəsində tanış olmaq imkanı yaradılıb.
Diqqətə çatdırılıb ki, Lənkərandakı Gənclər Mərkəzində “Countri Chicken” kafesi, 3D kinozal, konfrans, əyləncə, atıcılıq və bilyard zalları və “La Terrazza” restoranı fəaliyyət göstərir.
Gənclər Mərkəzində tur-aksiyanın iştirakçıları üçün cənub bölgəsinin milli mətbəxinin nümunələrindən və şirniyatından çay süfrəsi açılıb.
Məktəblilər tur-aksiya çərçivəsində iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun adını daşıyan Park, “Mayak” və “Azərbaycanlıların soyqırımı” abidələri ilə də tanış olublar.
Tur-aksiyanın iştirakçıları İDEA İctimai Birliyinin təşəbbüsü ilə “Hərəmiz bir ağac əkək” devizi ilə keçirilən aksiyaya qoşularaq Lənkəran şəhərinin Heydər Əliyev Prospektində, Xəzər dənizi sahili boyunca 500-ə yaxın küknar, ağcaqayın və yerli növ ağaclar əkiblər.
Günün ikinci yarısında məktəblilər rayondakı “Xanbulan” istirahət mərkəzinə və Hirkan Milli Parkına səyahət edibilər.
Məktəblilərə məlumat verilib ki, Hirkan Milli Parkı Azərbaycan Respublikasının cənub-şərqində, Xəzər dənizi sahilində, Lənkəran və Astara inzibati rayonların ərazisində yerləşir və ümumi sahəsi 21 min 435 hektar ərazini əhatə edir.
Diqqətə çatdırılıb ki, 2004-cü il fevralın 9-da Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Hirkan Milli Parkı yaradılıb. Milli Park Hirkan qoruğunun və əlavə olaraq qoruğa bitişik meşə fondunun ərazisini əhatə edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təklifi əsasında Hirkan Milli Parkı UNESKO-nun tərtib etdiyi “Ümumdünya Mədəni və Təbii İrs Siyahısı”na daxil olması üçün qeydiyyata alınıb.
Bildirilib ki, Hirkan Milli Parkı çoxlu sayda endemik relikt növlərin mövcud olduğu təbiət muzeyidir. Bu muzeyin yaşı min illərlə ölçülür.
Buzlaşma dövründə şimaldan hərəkət edən buzlaqlar Talış sıra dağlarını fəth edə bilməyib. Nəhəng buz parçalarının çökəklikdə yerləşən Xəzər dənizində tədricən əriməsi nəticəsində bu ərazilər buzlaşmaya məruz qalmayıb, qədim meşə örtüyü bugünümüzədək gəlib çatıb.
Məktəblilər Xanbulan kəndində salınmış sitrus meyvə bağları və çay plantasiyaları ilə də yaxından tanış olublar.
Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Lənkəran Çay Filialının şöbə müdiri, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru Sabir Ramazanov tur aksiyanın iştirakçılarına cənub bölgəsində çayçılığın inkişafı tarixi, müəssisədə aparılan elmi-tədqiqat işləri, aparılan təcrübələr və onların nəticələri barədə ətraflı məlumat verib.
Lənkəran Dövlət Dram Tetarı ilə tanış olan humanitar aksiyanın iştirakçıları teatrın aktyorlarının ifasınada Mirzə Fətəli Axundzadənin “Hacı Qara” komediyasına tamaşa ediblər.
Axşam yeməyindən sonra məktəblilər “Şah sarayı”nda onlar üçün təşkil edilmiş müxtəlif əyləncəli proqramlarda da iştirak ediblər.
Lənkəranın füsunkar təbiətinə, tarix və mədəniyyət abidələrinə heyran olduqlarını bildirən məktəblilər, cənub bölgəsinin adət-ənənələrinin, milli mətbəxinin və turizm potensialının onlarda zəngin təəssürat yaratdığını diqqətə çatdırıblar.

Keçidlər