Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA “MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİN QORUNMASINDA İCTİMAİYYƏTİN ROLU” MÖVZUSUNDA ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLDİ

03 oktyabr 2016 | 16:00

Oktyabrın 3-də Heydər Əliyev Mərkəzində “Milli-mənəvi dəyərlərin qorunmasında ictimaiyyətin rolu” mövzusunda elmi-praktik konfrans keçirildi. Qafqaz Müsəlmanları İdarəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Lənkəran ŞİH-nin birgə təşkilatçılığı ilə keçirilən konfransda Cənub regionunda bir sıra məscidlərin axundları, ziyalıları və ictimaiyyətin nümayəndələri iştirak edirdilər.
Elmi-praktik konfransı giriş sözü ilə açan Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf kursunun cənab Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilməsindən, Azərbaycanın sürətli inkişafından, dünyanın ən tolerant, multikultural və sivil dövlətlərindən birinə çevrilməsindən ətraflı bəhs etdi. Natiq, eyni zamanda, multikulturalizmin hökm sürdüyü Azərbaycanda, o cümlədən Lənkəranda dövlət-din münasibətlərinin qüvvədə olan qanunvericiliyin tələblərinə tam cavab verən şəkildə tənzimləndiyini diqqətə çatdırdı, milli mənsubiyyətindən asılı olmayaraq hər bir inanclı insanın dini etiqad azadlığının Konstitusiya normaları səviyyəsində təmin edildiyini bildirdi, bugünkü möhkəm siyasi sabitliyin, vətəndaş həmrəyliyinin Ulu Öndər Heydər Əliyevin müdrik düşüncəsinin, cənab Prezident İlham Əliyevin yorulmaz fəaliyyətinin misilsiz bəhrəsi olduğunu xüsusi vurğuladı.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə çıxışında bildirdi ki, Ulu Öndərimiz Heydər Əliyev 2-ci dəfə siyasi hakimiyyətə qayıdandan sonra respublikamızda məscidlərə, ziyarətgahlara xüsusi önəm verildi, diqqət və qayğı göstərildi. Ümummilli Lider aşura günləri məscidlərə gələr, dindarlarla, inanclı insanlarla görüşər, onların qarşısında çıxış edər, fikir mübadiləsi aparardı. Hazırda bu siyasəti uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev milli-mənəvi dəyərlərimizə mühüm diqqət yetirir.
Dövlət-din münasibətlərindən söz açan Şeyxülislam ibadətlərin məscidlərdə keçirilməsinin vacibliyini diqqətə çatdırdı, bütün dindarların, ziyalıların, ictimaiyyət nümayəndələrinin neqativ hallara qarşı birgə mübarizəsinin zəruriliyini vurğuladı.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında regional konfransın əhəmiyyətini söylədi, milli-mənəvi dəyələrdən, adət-ənənələrimizdən, dövlət-din münasibətlərindən ətraflı söz açdı. Sovetlər dönəmində respublikamızda 17 məscidin mövcudluğunu diqqətə çatdıran komitə sədri hazırda Azərbaycanda 2 min 50 məscidin fəaliyyət göstərdiyini dedi.
Din adı, pərdəsi altında ölkəmizdə ictimai-siyasi sabitliyin pozulmasına çalışan radikal qüvvələrin qarşısının alınmasında birgə mübarizənin vacibliyini söyləyən M.Qurbanlı dini ayinlərin yalnız məscidlərin həyətlərində və daxilində icra edilməsinin məqsədəmüvafiq olduğunu bildirdi.
Qafqaz Müsəlmanları İdarəsi elmi-dini şurasının sədri, akademik Vasim Məmmədəliyev dedi ki, dinimizdə fanatizm yoxdur və o, qəbul edilmir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və möhtərəm Prezidentimiz İlham Əliyevin qətiyyətlə, inamla davam etdirdiyi ictimai-siyasi sabitlik, ölkədə əmin-amanlığın getdikcə möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərə önəm verilməsi Azərbaycanı bütün dünyada tolerant, multikultural dövlət kimi tanıdır.
Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Qəni Axundzadə milli-mənəvi dəyərlərin mahiyyətindən söz açdı, talassemiyalı, hemofiliyalı xəstələr üçün keçiriləcək qanvermə aksiyasının mütəşəkkil icra olunacağına əminliyini ifadə etdi.
Milli Məclisin deputatları Hadi Rəcəbli, Cavanşir Paşazadə, Hüseynbala Mirələmov və Nəriman Əliyev ürək sözlərini söylədilər, ölkəmizdə dövlət-din münasibətlərindən, milli-mənəvi dəyərlərin qorunmasında ictimaiyyətin rolundan danışdılar.
Sonra bir neçə məscidin axundu, ağsaqqallar, ziyalılar və ictimaiyyət nümayəndələri çıxış edərək arzu və mülahizələrini söylədilər, təkliflər irəli sürdülər.

Keçidlər