Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRAN DÖVLƏT UNİVERSİTETİNİN İKİ NÖMRƏLİ TƏDRİS KORPUSUNUN AÇILIŞI OLDU

15 sentyabr 2016 | 16:00

Yeni dərs ilinin ilk günü Lənkəran Dövlət Universitetinin tələbələri üçün bir sıra yeniliklərlə yadda qaldı.
Sentyabrın 15-də universitetin əsaslı təmir edilmiş 2 nömrəli tədris korpusunun açılışı oldu. Universitetin rektoru vəzifəsini icra edən riyaziyyat elmləri doktoru, professor Natiq  İbrahimov tədbiri giriş sözü ilə açaraq yeni dərs ilinin başlanması münasibətilə tələbələri təbrik etdi, elm və təhsildə onlara yeni uğurlar arzuladı.
Qeyd olundu ki, yeni dərs ilində 8 yeni ixtisas, həmçinin Aqrar və mühəndislik fakültəsi fəaliyyətə başlamışdır. Yeni dərs ilində universitetdə 38 ixtisas üzrə 2599 tələbə, o cümlədən 41 magistrant oxuyur, 723 gənc ilk dəfə auditoriyalara tələbə kimi qədəm qoyub. Onların arasında 500 və daha çox bal toplayan tələbələr vardır.
Azərbaycan Respublikası Təhsil nazirinin müavini Ceyhun  Bayramov ölkəmizdə milli təhsil quruculuğu strategiyasının uğurla həyata keçirildiyini, Prezident İlham Əliyevin rəhbərliyi ilə elmə, təhsilə diqqətin artırıldığını bildirdi. Bilik günü münasibətilə professor-müəllim heyətini və tələbələri təbrik edən nazir müavini LDU qarşısında duran daha mühüm vəzifələrdən danışdı, 25 illik şərəfli həyat yolu keçən universitet kollektivinə yeni uğurlar arzuladı.
Sonra təbrik üçün söz Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşova verildi. Ölkəmizdə iqtisadi, sosial, mədəni-quruculuq, elm, təhsil sahələrində qazanılan nailiyyətlərdən bəhs edən İcra başçısı bütün uğurların Ümummilli Lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olduğunu, onun layiqli davamçısı, dövlət başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğuladı.
LDU-da təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülmüş işlər bir daha sübut edir ki, təhsilimiz dövlət siyasətinin prioritet sahəsi kimi daim diqqət mərkəzindədir, – deyən T.Qaraşov Bilik günü münasibətilə təbriklərini çatdırdı, müəllim-tələbə heyətinə ən xoş arzularını bildirdi.
İcra başçısı sonda ölkəmizdə sabitliyin qorunması naminə apardığı ardıcıl və qətiyyətli mübarizədə dövlət başçısı ilə həmrəy olduğunu göstərən universitet kollektivinin sentyabrın 26-da, bir nəfər kimi, ümumxalq səsverməsində – referendumda fəal iştirak edəcəyinə əminliyini ifadə etdi.
Lənkəran Rayon Ağsaqqallar Şurasının sədr müavini, universitet valideynlər şurasının sədri Sərhad Məmmədov  əlamətdar gün münasibətilə ürək sözlərini söylədi, tədbir iştirakçılarını təbrik etdi.
Tələbələr adından Xarici dil müəllimliyi (ingilis dili) ixtisasına  615 balla qəbul olunmuş birinci tədris ili tələbəsi Aytac Bağırzadə çıxış edərək təhsildə, universitetin ictimai həyatında fəal iştirak edəcəklərini bildirdi.
Tədbirdə universitetə yüksək balla daxil olanların bir qrupuna tələbə bileti təqdim olundu.
Sonra ikinci tədris korpusunun açılışını bildirən rəmzi qırmızı lent kəsildi. Qonaqlar korpusda görülən yenidənqurma işləri ilə yaxından tanış oldular.
Sonda bayram konserti oldu.
Tədbirdə rayonun təhsil müəssisələrinin və ictimaiyyətin nümayəndələri iştirak edirdilər.

Keçidlər