LƏNKƏRANDA MÜƏLLİMLƏRİN SENTYABR KONFRANSI KEÇİRİLDİ
Sentyabrın 9-da Heydər Əliyev Mərkəzində müəllimlərin ənənəvi konfransı keçirildi.
Konfransdan əvvəl rayonun təhsil işçiləri Heydər Əliyev Xatirə Parkında Ulu Öndərin abidəsini ziyarət etdilər, abidənin önünə gül dəstələri qoydular.
Konfrans öz işinə dövlət himninin səsləndirilməsindən sonra başladı.
Konfransın gündəliyi təsdiq edildi.
Sonra Lənkəran şəhər Təhsil şöbəsinin müdiri Şəhanə Əhmədova “2015-2016-cı dərs ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələr” mövzusunda məruzə etdi.
Məruzədə bildirildi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində son 13 ildə rayonumuzda dövlət vəsaiti və Heydər Əliyev Fondunun vəsaiti hesabına 37 məktəb, 6 əlavə korpus tikilmiş, 4 məktəb əsaslı təmir edilmişdir. Həmin təhsil müəssisələri müasir inventar və avadanlıqlarla, kompüter texnologiyaları ilə təmin olunmuşdur.
Qeyd edildi ki, yay dövründə Lənkəran Şəhər İcra Hakimiyyətinin və Təhsil Nazirliyinin qayğısı, yerli icra və bələdiyyə orqanlarının, pedaqoji kollektivlərin köməyi ilə rayonun bütün təhsil müəssisələrində cari təmir işləri aparılmış, payız-qış mövsümünə hazırlıq tədbirləri həyata keçirilmişdir.
Diqqətə çatdırıldı ki, 2015-2016-cı tədris ilində rayonun 89 ümumtəhsil məktəbində 30085 nəfər şagirdin təlim-tərbiyəsi ilə 3765 nəfər müəllim məşğul olmuşdur. Keçən tədris ilində məktəblərimizi bitirən 1801 məzundan 900 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənədlərini SQK-lara təqdim etmişlər. Onlardan əvvəlki illərin məzunları ilə birlikdə 464 nəfər müxtəlif ali məktəblərə qəbul olunmuşdur ki, bu da keçən ilki nəticədən 28 nəfər çoxdur. Qəbul imtahanlarında 57 nəfər 500-dən yuxarı (keçən ilki nəticədən 6 nəfər çox), 30 nəfər 600-dən yuxarı (keçən ilki nəticədən 5 nəfər çox) bal toplamışdır. Aşağı Nüvədi qəsəbə tam orta məktəbinin məzunu Xoşqədəm Əhmədova cənub regionunda ən yüksək nəticə – 690 balla Ali Neft Məktəbinin informasiya texnologiyaları fakültəsinə daxil olmuşdur.
Məruzə ətrafında müzakirələrdə şəhər 6 nömrəli məktəb-liseyin direktoru, respublikanın Əməkdar müəllimi Akif Xalıqov, Aşağı Nüvədi qəsəbə tam orta məktəbinin məzunu, Ali Neft Məktəbinin I kurs tələbəsi Xoşqədəm Əhmədova, valideyn Fikrət İsmayılov, şəhər 4 nömrəli məktəb-liseyin gənc müəllimi Aynur Axundova çıxış edərək ürək sözlərini söylədilər.
Təhsil Nazirliyinin nümayəndəsi, professor Piralı Əliyev tədris ilində pedaqoji kollektivlər qarşısında duran vəzifələrdən danışdı, bir sıra tövsiyələrini verdi.
Konfransda çıxış edən Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov əvvəlcə yeni dərs ili və Bilik günü münasibətilə rayonun bütün müəllim və şagirdlərini, o cümlədən tələbə adını qazanmış abituriyentləri təbrik etdi.
– Müəllim cəmiyyətin ən şərəfli peşə sahiblərindən biridir, – deyən İcra başçısı Ulu Öndərimiz Heydər Əliyevin müəllimlərə həmişə yüksək qiymət verdiyini, təhsilimizin inkişafı üçün mühüm işlərin gördüyünü diqqətə çatdırdı. – Bu gün təhsilin, elmin inkişafı olmadan uğurlar qazanmaq mümkün deyil. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamları və Heydər Əliyev Fondunun dəstəyi ilə elmin və təhsilin inkişafı istiqamətində mühüm işlər görülür. Ölkə həyatının bütün sahələrində inkişaf olduğu kimi, təhsil sahəsində də qlobal tədbirlər həyata keçirilir.
Taleh Qaraşov çıxışının sonunda rayonumuzun ictimai-siyasi həyatında müəllimlərin rolunu yüksək qiymətləndirərək qeyd etdi ki, biz bundan sonra da gənclərimizə Azərbaycançılıq, dövlətçilik ideyalarını dönmədən aşılamalı, onları Ulu Öndər Heydər Əliyevin ideyaları ruhunda tərbiyə etməliyik.
İcra başçısı sonra builki qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan tələbələrə qiymətli hədiyyələr təqdim etdi.
Sonra qətnamə layihəsi oxundu.
Sonda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olundu.