Azərbaycanın aqrar kompleksinin inkişafında Lənkəranın böyük töhfəsi olub
Azərbaycanın aqrar kompleksinin inkişafında Lənkəranın böyük töhfəsi olub.
Bu fikir avqustun 5-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində fermerlərin, aqrar sahədə çalışan sahibkarların, mütəxəssislərin və müvafiq dövlət strukturları nümayəndələrinin iştirakı ilə keçirilən müşavirədə səslənib.
Prezidenti İlham Əliyevin tövsiyə və tapşırıqlarına müvafiq olaraq, rayonlarda kənd təsərrüfatı işlərinin gedişinin, fermerlərin, torpaq mülkiyyətçilərinin təklif və istəklərinin, həmçinin, aqrar sektorun inkişaf perspektivlərinin öyrənilməsi və operativ tədbirlərin görülməsi məqsədilə yaradılan işçi qrupun üzvləri avqustun 5-də Lənkəran rayonunda olublar.
Müşavirədən əvvəl işçi qrupun rəhbəri, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov, qrupun üzvləri və rayon rəhbərliyi rayonun çəltik və sitrus sahələri, çay plantasiyaları, tinglik təsərrüfatları, Lənkəran Konserv Kombinatı ilə tanış olub, fermerlərlə görüşərək təsərrüfat işlərinin gedişi ilə maraqlanıblar.
Fermerlərin, aqrar sahədə çalışan sahibkarların, mütəxəssislərin, müvafiq idarə və təşkilat rəhbərlərinin, təsərrüfat sahiblərinin, ərazi icra nümayəndələrinin, bələdiyyə sədrlərinin iştirakı ilə keçirilən müşavirədə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısın Taleh Qaraşov rayonda kənd təsərrüfatı işlərinin gedişi və bu sahədə mövcud vəziyyətlə bağlı məlumat verib, aqrar sektorun perspektivlərindən danışıb.
Qeyd olunub ki, Lənkəranda 2016-ci ilin məhsulu üçün 6550 hektarda yazlıq əkinləri keçirilib. İndiyədək sahələrdən 31 min 440 ton tərəvəz, 4 min 400 ton kartof, 871 ton taxıl, 1880 ton meyvə, 159,5 ton yaşıl çay yarpağı yığılıb.
Rayonda heyvandarlıq məhsullarının istehsalında artım qeydə alınıb, diri çəkidə 3043 ton ət, 15881 ton süd və 7,1 milyon ədəd yumurta istehsal edilib. İri buynuzlu mal-qaranın sayı 53 min 641 başa, xırda buynuzlu mal-qaranın sayı 22 min 243 başa çatdırılıb.
Diqqətə çatdırılıb ki, rayonda ənənəvi sahələrdən olan çəltikçiliyin bərpa olunmasına böyük önəm verilir. Hazırda 309 hektar sahədə çəltik əkilib.
Lənkəranda ixtisaslaşdırılmış “Yaşıl Market”in yaradılması məqsədilə Göyşaban kəndi ərazisində torpaq sahəsinin ayrılması nəzərdə tutulub.
Toplantıda çıxış edən Prezident Administrasiyasının aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov Prezident İlham Əliyevin tapşırığına əsasən kənd təsərrüfatı məsələləri üzrə işçi qrupunun yaradıldığını bildirib.
İşçi qrupunun əsas məqsədinin kənd təsərrüfatı sahəsində görülən işləri yerlərdə qiymətləndirmək, yeni mərhələdə dövlətin aqrar siyasətinin mərkəzi və yerli icra orqanlarının fəaliyyəti ilə əlaqələndirmək olduğunu vurğulayan Prezident Administrasiyasının rəsmisi bununla bağlı rayonlarda aqrar sahədə çalışanlarla keçirilən görüşlərdə kənd təsərrüfatı sahəsində mövcud olan potensialdan səmərəli istifadə edilməsi ilə bağlı təkliflərin dinlənilməsindən, bu mövzuda açıq müzakirələrin aparılmasında ibarət olduğunu diqqətə çatdırıb.
Azər Əmiraslanov Prezident İlham Əliyevin rayonlarda yerli istehsalın artırılması, əhalinin məşğulluğunun yüksəldilməsi ilə bağlı tapşırıqlarını diqqətə çatdıraraq, Lənkəranda ixrac tutumlu sahələrin inkişafının vacibliyini vurğulayıb.
Müşavirədə Prezidentin tövsiyə və tapşırıqlarının icrası ilə bağlı Lənkəran rayonunda görülən işlər barədə məlumat verilib.
Bildirilib ki, Lənkəranın ölkəmizdə kənd təsərrüfatının inkişafında böyük töhfəsi olub. Aqrar bölmədə çalışanların faraş tərəvəzin yetişdirilməsində, çayçılığın inkişafında zəngin təcrübəsi vardır. Rayon ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində böyük imkanlara malikdir.
Lənkəranın çəltikçilik təsərrüfatında müasir texnikaların tətbiq olunduğunu vurğulayan A.Əmiraslanov çəltikçilikdə texnika parkının yaradılmasının qarşıda duran vəzifələrdən olduğunu diqqətə çatdırıb.
Dövlətin kənd təsərrüfatı sahəsində gördüyü işlərin ardıcıl xarakter daşıdığını vurğulayan Prezident Administrasiyasının rəsmisi aqrar bölmədə yeni mərhələdə görülən işlərin sınaq dövrü olduğunu bildirib.
Azər Əmiraslanov kənd təsərrüfatı işlərində dövlətin, fermerlərin və emal müəssisələrinin birgə əməkdaşlığının zəruri olduğunu söyləyib, müşavirə iştirakçılarını açıq müzakirələrə dəvət edib.
Diskussiya şəraitində davam edən müşavirədə fermerlər, məhsul istehsalçıları və sahibkarlar tərəfindən torpaq sahələrində dərin şumun aparılması üçün ağır texnikaların verilməsi, tədarük məntəqələrinin təşkili, mal-qaranın kəsim məntəqələrinin yaradılması, arıçıların dərman preparatları ilə təmin olunması, rayonda yeni su bəndinin tikilməsi, cəltikçiliyin inkişafı ilə bağlı Aqroservisin lazımi texnikalarla təmin olunması və digər məsələlərlə bağlı təkliflər verilib.
İşçi qrupun üzvləri verilən təkliflərə münasibətlərini bildiriblər.