LƏNKƏRANDA İCTİMAİ DİNLƏMƏLƏR KEÇİRİLİB
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi, həmçinin, qarşıda duran vəzifələrlə bağlı insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanovanın iştirakı ilə iyulun 12-də Lənkəran rayonunda ictimai dinləmələr keçirilib.
Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə şəhər İcra hakimiyyətinin, ərazi icra nümayəndəliklərinin, məhkəmə, polis, prokurorluq orqanlarının, dairə seçki komissiyası və bələdiyyələrin, yerli qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdən əvvəl Ombudsman Elmira Süleymanova və Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Dadaşov Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Toplantıda çıxış edən şəhər İcra hakimiyyəti başçısının birinci müavini İlqar Dadaşov bildirib ki, insan hüquq və azadlıqlarının səmərəli müdafiəsi dövlət siyasətinin ən başlıca xəttini təşkil edir.
Lənkəran rayonunda Milli Fəaliyyət Proqramından irəli gələn vəzifələrlə əlaqədar vətəndaş hüquq və azadlıqlarının qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirildiyini vurğulayan İ.Dadaşov şəhər İcra hakimiyyətində və yerlərdə əhalinin qəbullarının təşkil olunduğunu, onların müraciətlərinin həlli üçün operativ tədbirlər görüldüyünü diqqətə çatdırıb.
Tədbirdə Ombudsman Elmira Süleymanova çıxış edərək bildirib ki, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” insan hüquqlarının qorunması ilə bağlı aparılan islahatların yeni bir mərhələsidir.
Ötən illərdə ölkəmizdə həyata keçirilən demokratik, hüquqi, sosial-iqtisadi islahatlar nəticəsində əhalinin rifah halı daha da yaxşılaşıb, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları uğurla həyata keçirilib, Azərbaycanın hər bir şəhər və rayonu inkişaf edib.
Elmira Süleymanova qeyd edib ki, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq əsas vəzifələrdən biridir. Bu məqsədlə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” uğurla həyata keçirilir.
Müzakirələrdə çıxış edən Darquba kənd tam orta məktəbinin direktoru Mais Kazımov, Lənkəran şəhər 1 nömrəli tam orta məktəbin direktoru Nəzakət Abdullayeva, Rvo kənd bələdiyyəsinin sədri Kamal Hüseynov və rayon məhkəməsinin sədri Elçin Kazımov Lənkəranda insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərdən danışaraq bu işi daha da yaxşılaşdırmaq üçün təkliflərini bildiriblər.
Tədbir başa çatdıqdan sonra Ombudsman Elmira Süleymanova Lənkəran Şəhər-Rayon Polis Şöbəsində müvəqqəti saxlama yerinə baş çəkərək burada yaradılan şəraitlə tanış olub, vətəndaşların müraciətlərini dinləyib.