İRƏVAN-AZƏRBAYCAN TEATRI CƏNUB BÖLGƏSİNDƏ QASTROL SƏFƏRİNDƏ OLUB
İrəvan Dövlət Azərbaycan Dram Teatrının truppası respublikanın cənub bölgəsinə qastrol səfəri çərçivəsində iyunun 13-də Lənkəran Dövlət Dram Teatrının səhnəsində “Qurtuluş” tamaşası ilə çıxış edib. Əməkdar mədəniyyət işçisi, şair-dramaturq, teatrın direktoru İftixar Piriyevin “Qurtuluş dastanı” tarixi dramı əsasında hazırlanmış tamaşa 15 iyun – Milli Qurtuluş Gününə həsr olunub.
Tamaşaçılar tərəfindən maraqla qarşılanan səhnə əsərində Ulu Öndər Heydər Əliyevin bədii obrazını teatrın direktoru İftixar Piriyev canlandırıb. Digər rolları Əməkdar artist Vaqif Kərimov, aktyorlar Əjdər Zeynalov, Niyaməddin Səfərəliyev, Şəbnəm Cəbrayılova, Əhliman Ərşadlı və Əmirulla Nurullayev ifa ediblər.
Qeyd edək ki, teatr bu tamaşa ilə cənub bölgəsinin digər rayonlarında da çıxış edəcək.
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov, İcra aparatının rəsmiləri, ictimaiyyətin nümayəndələri tamaşaya baxıblar.