Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

“BÖLGƏLƏRDƏN PAYTAXTA” ADLI NÖVBƏTİ LAYİHƏ LƏNKƏRANA HƏSR OLUNUB

07 iyun 2016 | 16:00

İyunun 6-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Bölgələrdən paytaxta" adlı layihənin Lənkəran şəhərinə həsr olunmuş növbəti təqdimatı keçirilib.
Lənkəran Şəhər İcra Hakimiyyəti və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdən əvvəl iştirakçılar Lənkəran rayonunun sosial-iqtisadi inkişafını, zəngin mədəni irsini, adət-ənənələrini, mətbəx nümunələrini, folklorunu, dekorativ tətbiqi sənət ustalarının əl işlərini, bölgənin turizm imkanlarını əks etdirən sərgi ilə yaxından tanış olublar.
Tədbirin açılışında çıxış edən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev son illərdə Azərbaycanda mədəniyyət və turizm sahəsinin inkişafı istiqamətində görülən ardıcıl tədbirlərin regionlara da öz müsbət təsirini göstərdiyini, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası nəticəsində bölgələrdə mədəni quruculuq işlərinin genişləndiyini, mədəni irsin qorunması və təbliği ilə bağlı mühüm əhəmiyyətli tədbirlərin görüldüyünü qeyd edib.
Nazir diqqətə çatdırıb ki, Azərbaycanın qədim və zəngin mədəniyyətinin geniş təbliğ edilməsi, regionlararası mübadilənin gücləndirilməsi, bölgələrin mədəni və turizm potensialının nümayiş etdirilməsi məqsədilə baş tutan “Bölgələrdən paytaxta” adlı layihə Azərbaycanın mədəni və tarixi potensial imkanlarının zənginliyindən xəbər verir.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov tədbirdə çıxış edib  qonaqları rayon sakinləri adından salamlayaraq "Bölgələrdən paytaxta" layihəsinin növbəti tədbirinin Lənkərana həsr olunmasına görə təşəkkürünü bildirib, bu tədbirin yüksək səviyyədə təşkilinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi və mədəni inkişafina göstərdiyi  ardıcıl diqqət və qayğının nəticəsi olduğunu söyləyib.
Daha sonra İcra başçısı tədbirin əhəmiyyətindən söz açaraq bildirib ki, belə təqdimatlar hər bir regionun qədim tarixini, ənənələrini, incəsənət nümunələrini daha geniş formada tanıtmağa, nümayiş etdirməyə imkan verir.
Tədbirdə Lənkəranın müasir inkişafını əks etdirən videoçarx nümayiş olunub.
Sonra tədbir Lənkəran rayonu incəsənət ustalarının ifasında konsert proqramı ilə davam edib.
Tədbirdə Milli Məclisin üzvləri Ziyafət Əsgərov, Hadi Rəcəbli, Cavanşir Paşazadə, Hüseynbala Mirələmov, Lənkərandan olan diplomatlar, diaspor təmsilçiləri, görkəmli elm, mədəniyyət və incəsənət xadimləri, iş adamları, sahibkarlar, eyni zamanda, paytaxt sakinləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Keçidlər