Lənkəran şəhər Gənclər və İdman İdarəsinin Hesabat yığıncağı
16 may 2016-cı il tarixdə Gənclər Evində Lənkəran şəhər Gənclər və İdman İdarəsinin hesabat yığıncağı keçirildi. Tədbiri giriş sözü ilə Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəisi Yalçın Əhmədov açaraq tədbir iştirakçılarını və qonaqları salamlayaraq bildirdi ki, bu gün keçirilən toplantının məqsədi 2016-cı ilin bu günə qədər görülmüş işlər haqqında geniş şəkildə məlumat vermək və eyni zamanda həm gənclər, həm də idman sahəsi üzrə prioritet istiqamət kimi görüləcək işləri müzakirə etməkdir. Respublikamızda gənclərə olan diqqət, onların arzu və ideyalarının reallaşmasına yönəldilmiş layihələrinin keçirilməsi, xüsusilə cənab Prezidentin sərəncamı ilə təsis olunan Gənclər Fondunun yaradılması gənclər siyasətinin nə dərəcə uğurla həyata keçirilməsindən xəbər verir.
Daha sonra Gənclər və İdman İdarəsinin əməkdaşı, “Xan Lənkəran Könüllülər” qrupunun rəhbəri Mehman Əliyev “Xan Lənkəran Könüllüləri”nin bir illik fəaliyyəti haqqında təqdimat edərək könüllülər qrupunun yaradılmasından, fəaliyyət istiqamətlərindən və görüləcək işlər haqqında geniş məlumat verdi.
Tədbirin gedişində çıxışçılar İdarənin gənclər sahəsi üzrə baş məsləhətçisi Əli Nurullayev və idman sahəsi üzrə baş məsləhətçisi Sadiq Həmidov çıxış edərək yaxın tarixlərdə gözlənilən tədbirlər haqqında tədbir iştirakçılarına məlumat verdilər. Lənkəran Dövlər Universitetinin Tələbə Gənclər Təşkilatının sədr müavini Elvin Əsədli çıxışında Gənclər və İdman İdarəsinə gənclər adından minnətdarlığını bildirdi.
MAGİYA İctimai Birliyinin sədri Afiq Məlikov çıxış edərək gənclərə öz inkişaflarını düzgün istiqamətdə qurmağın vacibliyindən danışdı. Tədbirin sonunda Lənkəran şəhər İcra Hakimiyətinin İctimai Siyasət və Humanitar məsələlər şöbəsinin müdir müavini Aydın Məmmədov çıxış edərək tədbir iştirakçılarını və gəncləri Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov adından salamladı. Aydın müəllim çıxışında gənclərə fəaliyyətində uğurlar arzulayaraq onları rayonun ictimai-siyasi və mədəni həyatında aktiv fəaliyyətə səslədi.