Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda Ümummilli Liderin xatirəsi ümumxalq məhəbbəti ilə anıldı

10 may 2016 | 16:00

Mayın 10-da Ümummilli Lider, görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü respublikamızın hər yerində olduğu kimi, Lənkəranda da təntənə ilə qeyd edildi. Bu münasibətlə Ulu Öndərin adını daşıyan Xatirə Parkında  xalq coşqusu və məhəbbəti yaşandı.
Əvvəlcə Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov Ulu Öndərin əzəmətli abidəsini ziyarət etdi, abidənin önünə təzə-tər qərənfil dəstələri qoydu.
Sonra rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri Ümummilli Liderin abidə kompleksinin önünə bahar çiçəkləri düzdülər, dahi rəhbərin xatirəsini ehtiramla yad etdilər.
Daha sonra ümumxalq ziyarəti başlandı.

***

Həmin gün Heydər Əliyev Mərkəzində Lənkəran ŞİH-nin və YAP Lənkəran Şəhər Təşkilatının birgə təşkilatçılığı ilə “Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir” mövzusunda konfrans keçirildi. Konfransda Prezident Administrasiyasının məsul işçisi Nəsimi Məmmədov da iştirak edirdi.
Konfransı giriş sözü ilə açan Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov Ümummilli Liderin həyat və fəaliyyəti barədə geniş danışaraq çətin tarixi sınaqlara məruz qalmış Azərbaycan dövlətçiliyinin bərpasında və möhkəmlənməsində müstəsna xidmətləri olduğunu xüsusi vurğuladı. Natiq qeyd etdi ki, müstəqil Azərbaycan Respublikasının memarı olan Heydər Əliyev ölkəni vətəndaş müharibəsi təhlükəsindən qurtarmış, geniş islahatların keçirilməsində, əsrin neft kontraktının bağlanmasında böyük əmək sərf etmiş, gənc dövlətimizin beynəlxalq nüfuzunun artmasında müstəsna xidmətlər göstərmişdir. Hazırda Ulu Öndərin siyasi kursu möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla, dönmədən davam və inkişaf etdirilir.
Sonra YAP Lənkəran Şəhər Təşkilatının sədri İlqar Dadaşov “Azərbaycan Ümummilli Liderin ideyaları əsasında inkişaf edir” mövzusunda məruzə ilə çıxış etdi.
Lənkəran rayon Ağsaqqallar Şurasının üzvü Ramazan Quliyev, yazıçı-publisist Siyavuş Süleymanlı və şəhər 7 nömrəli tam orta məktəbin direktoru Ülviyyə Əliyeva konfransda çıxış edərək Ulu Öndərin Azərbaycan xalqı qarşısında xidmətləri, onun şərəfli tarixi irsi və bu irsin nəsillərə örnək olması barədə fikirlərini söylədilər.

***

Mayın 10-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93 illi münasibətilə Lənkəranda kütləvi ağacəkmə aksiyası həyata keçirildi. Min nəfərə yaxın sakinin iştirak etdiyi aksiyada 2500-ə yaxın ağac, 3000 mindən çox gül kolları əkildi.

Keçidlər