Lənkəranda Kitab Bayramı keçirildi
May ayının 6-da Lənkəran şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemində ənənəvi Kitab bayramı keçirildi. Sayca 8-ci olan bu bayramda rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar,LDU-nun və Lənkəran Dövlət Humanitar Kollecinin müəllim və tələbələri,ümumtəhsil məktəblərinin şagirdləri, mərkəzi kitabxananın daimi oxucuları iştirak etmişlər.
Kitab bayramının iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, möhtərəm Prezidentimiz İlham Əliyevin, dünya şöhrətli bədii söz ustalarının, Azərbaycanın şair və nasirlərinin, habelə Lənkəranda yazıb -yaradan ədəbi qüvvələrin əsərlərindən ibarət kitab sərgiləri ilə tanış oldular.
Sonra məktəblilərin ifalarında səslənən şeirlərin və musiqinin müşayiəti ilə çıxışlar dinlənildi.
Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Nurlana Nəsirli, Mədəniyyət Mərkəzinin direktoru Hacı Hafiz Mirzə , Azərbaycan Yazıçılar Birliyinin Cənub bölgəsinin məsul katibi İltifat Saleh, Lənkəran Dövlət Universitetinin müəllimi, filologiya elmləri doktoru Yədulla Ağazadə, Universitetin müəllimi ,ədəbiyyat üzrə fəlsəfə doktoru, şair Tükəzban Cahangirova və başqaları çıxış edərək bilik mənbəyi olan kitabların gənc nəslin təlim və tərbiyəsində mənəvi zənginliyində, onların fəal həyat mövqeyinin əsl vətəndaş kimi formalaşmasındakı mühüm əhəmiyyətindən danışdılar.
Tədbirin sonunda kitabların təbliğində fəallıq göstərdiklərinə görə MSK -nın bir qrup işçisinə Lənkəran şəhər Mədəniyyət və Turizm şöbəsinin Fəxri fərmanları təqdim olundu.