İCRA BAŞÇISININ VİYƏN KƏNDİNDƏ SƏYYAR QƏBUL-GÖRÜŞÜ
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü oktyabrın 11-də Viyən kəndində keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra Aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin və bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
İnzibati ərazi dairəsinin nümayəndəsi Şahsuvar Abdullayev və bələdiyyənin sədri Seyfulla Seyfullayev kənd əhalisi, onların məşğuliyyəti barədə məlumat verdilər, bir sıra problemləri İcra başçısının diqqətinə çatdırdılar.
Sonra kənd sakinlərindən Əbdül Cəfərov, Adil Əliyev, Abdulla Seyfullayev, Baratəli Mirzəyev, Aydın Heydərov və başqaları çıxış edərək məktəb binasının yararsız vəziyyətdə olduğunu, kəndə təbii qaz xəttinin çəkilməsinə kömək göstərilməsinin vacibliyini, transformatorların, elektrik dirəklərinin və naqillərin köhnə olduğunu, kəndara yolların təmirinin zəruriliyini İcra başçısının diqqətinə çatdırdılar.
Sonra bir neçə kənd sakini şəxsi xahişi ilə İcra başçısına müraciət etdilər.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov görüşü yekunlaşdıraraq bildirdi ki, Azərbaycan hazırda dinamik inkişaf edir. Ölkə başçısı cənab İlham Əliyev Nazirlər Kabinetinin 9 ayın sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında da bu barədə ətraflı danışmış, əsas vəzifənin Azərbaycanın daha yüksək inkişaf etmiş dövlətlər sırasına çıxmasından ibarət olduğunu xüsusi vurğulamışdır. Buna baxmayaraq həlli vacib məsələlər də mövcuddur və onlar sürətlə icra edilir. Azərbaycan müharibə vəziyyətində olmasına baxmayaraq problemlər daha operativ həllini tapır. Düzgün aparılan iqtisadi islahatlar ölkəmizi böhrandan qoruyur, yeni iş yerləri açılır.Təhsilin inkişafına xüsusi önəm verilir. Milli təhsilimizin inkişafı dövlətin prioritet sahələrindəndir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında “Yeniləşən Azərbaycana-yeni məktəb” proqramı çərçivəsində respublikamızda müasir məktəblərin tikintisi Avropa standartları səviyyəsində aparılır. Milli intibah məhz təhsildən asılıdır. Əlbəttə, mövcud problemləri birdəfəlik həll etmək mümkün deyil. Azərbaycanda pensiyaların səviyyəsi əmək haqlarının qırx faizini təşkil edir. Bu, MDB məkanında rekord göstəricidir.
İcra başçısı çıxışında daha sonra respublikamızda yol infrastrukturunun yenilənməsindən, təhsil, səhiyyə və çoxlu sayda sosial obyektlərin tikintisinin geniş vüsət almasından, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurla icra edilməsindən ətraflı danışaraq xüsusi vurğuladı ki, bu ictimai-siyasi sabitlik Ulu Öndərimiz Heydər Əliyevin siyasi kursunun möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində qazanılmışdır. Dövlətimizin başçısı hazırda bu siyasəti yeni müstəvidə irəli aparır və daha da inkişaf etdirir. Biz cənab Prezidentin siyasətini hamılıqla dəstəkləməli, ona arxa-dayaq olmalıyıq.
Taleh Qaraşov sonda Lənkəranda sürətlə aparılan yenidənqurma işlərindən danışdı, möhtərəm Prezidentimizin Lənkəranın sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi barədə imzaladığı son dörd sərəncamın əhəmiyyətindən söz açdı, Xan Lənkəranın keçmiş şöhrətinin özünə qaytarılması istiqamətində görülən işlərdən bəhs etdi.
İcra başçısı bugünkü görüş zamanı əhali tərəfindən qaldırılan təkliflərin tezliklə öz həllini tapacağını əminliklə vurğuladı, yeni məktəb binasının tikintisinin 2013 –cü ildə plana salındığını bildirdi, ilin sonunadək kəndə mavi qaz xəttinin çəkiləcəyini söylədi, bir sıra həlli vacib məsələlərin icrasından ötrü müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.