Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA “MULTİKULTURAL DƏYƏRLƏR VƏ AZƏRBAYCANÇILIQ” MÖVZUSUNDA ZONA MÜŞAVİRƏSİ KEÇİRİLİB

02 may 2016 | 16:00

2 May 2016-cı il tarixdə Yeni Azərbaycan Partiyası və Lənkəran Şəhər İcra Hakimiyyətinin  təşkilatçılığı ilə Lənkəran şəhərində Heydər Əliyev Mərkəzində “Multikultural dəyərlər və azərbaycançılıq” mövzusunda zona müşavirəsi keçirilib. Tədbirdə Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP sədrinin müavini- İcra katibi Əli Əhmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP İcra katibinin müavini Mübariz Qurbanlı, Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, Milli Məclisin aqrar siyasət komissiyasının sədri Eldar İbrahimov. Milli Məclisin deputatı Rəşad Mahmudov, Lənkəran ŞİH başçısı Taleh Qaraşov, YAP Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayon təşkilatlarının sədrləri, sədr müavinləri, Gənclər Birliyi və Qadınlar Şurasının sədrləri və YAP fəalları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Müşavirədə geniş məruzə ilə çıxış edən Baş nazirin müavini – YAP sədrinin müavini – İcra katibi Əli Əhmədov bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan olunub. Bu istiqamətdə silsilə tədbirlər keçirilir.
Azərbaycanın dünyada özünü multikultural dövlət kimi tanıtdığını vurğulayan Baş nazirin müavini multikulturalizmin Azərbaycanda dövlət siyasətinin əsasını təşkil etdiyini diqqətə çatdırıb.
Qeyd olunub ki, ölkəmizdə multikultural dəyərlərin insanların həyat tərzinə çevrilməsində zəngin təcrübə vardır. Artıq bütün dünya multikulturalizmin və tolerantlığın Azərbaycan modelini qəbul etməkdədir.
Bildirilib ki, son illər Azərbaycan çox sürətlə inkişaf edir. Bu inkişafın kökündə iqtisadi inkişaf dayanır. Prezident İlham Əliyevin apardığı müdrik siyasətin nəticəsi olan bu inkişafı təkcə paytaxt Bakıda deyil, ölkəmizin bütün bölgələrində, o cümlədən Lənkəranda da görmək olar.
Diqqətə çatdırılıb ki, ölkəmizdəki tolerantlıq mühiti əsasında duran amillərdən, ilk növbədə, siyasi sabitliyi, sosial və iqtisadi inkişafı qeyd etmək lazımdır. Prezident İlham Əliyevin apardığı doğru, düzgün və məqsədyönlü siyasət nəticəsində multikulturalizm Azərbaycanın dövlət siyasətinə, xalqımızın həyat tərzinə çevrilib.
Azərbaycan milli dövlət olaraq təkcə özünün deyil, dünyanın qlobal problemlərinin həllində fəal iştirak edir. BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirilməsi bunu bir daha aydın göstərdi.
Azərbaycanda sabitliyin, əmin-amanlığın, dincliyin və rahatlığın hökm sürdüyünü qeyd edən Əli Əhmədov bu sabitliyin qorunması üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin siyasi, danışıqlar və dinc yolu ilə həllinə üstünlük verdiyni bildirib. Aprelin əvvəllərində cəbhə bölgəsində qoşunların təmas xəttində erməni silahlı birləşmələrinin törətdiyi təxribatla bağlı Azərbaycan Prezidentinin atəşkəsin bərpa olunması barədə təşəbbüsü bunu bir daha təsdiq etdi.
Aprelin əvvəllərində cəbhə bölgəsində baş verən hadisələr Azərbaycan vətəndaşlarında, xüsusilə gənclərdə vətənpərvərlik hissinin nə qədər güclü olduğunu göstərdi.
Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq məfkurəsinin inkişafımızın və birliyimizin əsasını təşkil etdiyini vurğulayan YAP rəsmisi partiya üzvlərini bu ideologiyaya sadiqli əməli işləri ilə doörultmağa və siyasi həmfikirlərini Prezident İlham Əliyevin ətrafında daha da sıx birləşməyə çağırdı.
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyevin fəaliyyətində multikulturalizm ənənələrinə geniş yer verilir, azərbaycançılıq məfkurəsi əsas prinsip kimi irəli sürülürdü. Bu gün Lənkəranda Ümummilli Liderin ideyaları və siyasəti öz bəhrəsini verir. Milli mənsubiyyətindən asılı olmayaraq, burada yaşayan bütün vətəndaşlar özünü Azərbaycanın bərabərhüquqlu vətəndaşı hesab edir, möhtərəm Prezident İlham Əliyevin ətrafında sıx birləşiblər.
Zona müşavirəsində Milli Məclisin üzvləri Hadi Rəcəbli və Rəşad Mahmudov, Lənkəran Dövlət Universitetinin rektor əvəzi Nizami Yusubov, YAP Masallı rayon Gənclər Birliyinin sədri Məmmədhüseyn Hüseynov, Cəlilabad rayon Təhsil şöbəsinin müdiri Elminaz Nadirova, Biləsuvar rayonu Xırmandalı kənd tam orta məktəbinin direktoru Firudin Hüseynov, Yardımlı rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Ayazxan Əliyev mövzu ilə bağlı çıxış ediblər.
Zona müşavirəsini Əli Əhmədov yekunlaşdırıb.

Keçidlər