Taleh Qaraşov Separadi kəndində əhali ilə görüşüb
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü aprelin 13-də Separadi kəndində keçirmişdir.
Görüşdə çıxış edən İcra başçısı aprelin 2-dən 5-dək rəşadətli Milli Ordumuzun düşmən təxribatının qarşısını alarkən göstərdiyi qəhrəmanlıqlar barədə geniş məlumat vermiş, ölkəmizin hər yerində olduğu kimi, Lənkəranda da cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində qazanılan qələbədən doğan ruh yüksəkliyini, xüsusilə gənclərin vətənpərvərlik ruhunun geniş vüsət almasını diqqətə çatdırmışdır.
İcra başçısı əhalinin rifah halının yaxşılaşdırılması ilə əlaqədar görülən tədbirlərdən danışaraq qeyd etmişdir ki, bu istiqamətdə bir sıra sosial proqram və layihələr icra edilir. Cənab Prezidentin son günlərdə imzaladığı Sərəncama əsasən respublikanın şəhər və rayonlarında sosial mənzillərin tikilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə Mənzil İnşaatı Dövlət Agentliyinin yaradıldığını vurğulayan natiq imkansız ailələrin yaxın illərdə əlverişli qiymətə mənzil sahibi olacaqlarını söyləmişdir.
Taleh Qaraşov rayonumuzda aparılan abadlıq və quruculuq işlərindən söhbət açmış, əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində görülən tədbirlər barədə, xüsusilə aqrar sahənin inkişafı ilə bağlı görüləcək işlərlə bağlı ətraflı məlumat vermişdir. Natiq çıxışında rayonda faraş tərəvəzçiliyi, çayçılığı, sitrusçuluğu inkişaf etdirmək, eyni zamanda, baramaçılığı bərpa etmək istiqamətində mühüm addımlar atıldığını, Tükəvilə kəndinin ərazisində yeni sitrus plantasiyasının salınmasına başlanıldığını, burada kənd sakinlərinin işlə təmin olunacağını diqqətə çatdırmışdır.
Görüşdə çıxış edən kənd sakinləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni təxribatçılarına qarşı cəbhədə qazanılan böyük uğurlardan, düşmənə endirilən sarsıdıcı zərbədən qürur duyduqlarını ən xoş sözlərlə ifadə etmiş, bütün lənkəranlıların möhtərəm Prezidentimizin ətrafında sıx birləşdiklərini bildirmiş, cəbhədə qəhrəmanlıqla şəhid olmuş igid əsgərlərimizin şücaətindən danışmış, onların ruhları qarşısında baş əydiklərini söyləmişlər.
Sonra sakinlər tərəfindən bir sıra təkliflər irəli sürülmüş, fərdi müraciətlər dinlənilmişdir.
İcra başçısı vətəndaşların qaldırdıqları məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar vermiş, bir sıra məsələlər yerindəcə həllini tapmışdır.