LƏNKƏRANDA AÇIQ TARİX DƏRSLƏRİ KEÇİRİLMİŞDİR
Heydər Əliyev Mərkəzində orta məktəb şagirdlərinin, habelə ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri üçün açıq tarix dərsləri təşkil olunur. Açıq tarix dərslərinin ayda 2 dəfə keçirilməsi nəzərdə tutulub.
Oktyabrın 10-da şəhər 1 nömrəli tam orta məktəbin bir qrup şagirdlərinin iştirakı ilə mərkəzdə ilk açıq tarix dərsləri keçirilmişdir.
“Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qarantı kimi” adlanan açıq dərsdə Mərkəzin rəhbəri Seyidzadə Şəfiyeva çıxış edərək şagirdləri ilk açıq dərsin iştirakçıları olmaları münasibətilə təbrik etmiş və onlara Mərkəzdə keçirilən belə tədbirlərdə fəal iştirak etməyi tövsiyə etmişdir.
Mərkəzin elmi işçisi Qadir Kazımov Ümummilli Lider Heydər Əliyevin həyatı, ictimai-siyasi fəaliyyəti, vətənpərvərlik, Azərbaycançılıq və s. barədə məruzə etmiş, şagirdləri maraqlandıran sualları cavablandırmışdır.
Tədbir zamanı şagirdlər Ulu Öndərin Azərbaycanın müstəqilliyi uğrunda apardığı mübarizənin bir hissəsini əhatə edən video-çarxı izləmişlər.
Tədbirin sonunda şagirdlər Mərkəzlə ətraflı tanış olmuşlar.