Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

“Ölkəmizi tanıyaq” tur-aksiyanın bir qrupu Lənkəranda

27 mart 2016 | 16:00

“Ölkəmizi tanıyaq” layihəsinin növbəti mərhələsi çərçivəsində təşkil edilmiş tur-aksiyanın Sumqayıt şəhərinin, Abşeron, Tərtər, Cəbrayıl, Füzuli, Qubadlı, Şuşa və Zəngilan  rayonlarının IX-XI sinif şagirdləri və onların müəllimləri martın 24-də axşam saatlarında Lənkərana gəliblər.
Tur-aksiyanın iştirakçılarını Lənkəran Şəhər İcra Hakimiyyətinin məsul işçiləri, müəllimlər, şagirdlər və ictimaiyyətin nümayəndələri qarşılayıblar.
Tur-aksiyanın iştirakçıları Lənkəran şəhərindəki Heydər Əliyev Xatirə Parkında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra Ulu Öndərin adını daşıyan Mərkəzdə böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.
Maarifləndirici tur-aksiyanın iştirakçıları martın 25-də Lənkəran rayonuna səyahətlərini davam etdiriblər. Məktəblilər əvvəlcə Hirkan Milli Parkında gəliblər. Parkla tanışlıqdan sonra məktəblilər “Xanbulan” istirahət mərkəzinə səyahət edib, çay plantasiyalarında və sitrus meyvə bağlarında olublar.
Məktəblilərə məlumat verilib ki, Lənkəranda ilk dəfə çay bitkisi 1898-ci ildə əkilib. Sövetlər dövründə Azərbaycan əhalisinin çaya olan tələbatının 70 faizini respublikada istehsal olunan çay məhsulu ödəyib.
Bildirilib ki, uzun müddət tənəzzül dövrünü yaşayan çayçılıq təsərrüfatı regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında müəyyən edilmiş tədbirlərin icrası nəticəsində özünün yeni dirçəliş dövrünü yaşayır.
Lənkəran şəhərindəki “Qoşa Qala qapıları”, “Dairəvi Qala”, “Mayak” binası, Bayraq Meydanı və tarix-diyarşünaslıq muzeyi ilə tanışlıq da məktəblilərin böyük marağına səbəb olub.
Daha sonra tur-aksiyanın iştirakçıları iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun möhtəşəm abidəsini ziyarət edib, Qəhrəmanın Lənkəran şəhərindəki ev-muzeyində nümayiş etdirilən eksponatlarla tanış oldular. Burada şagirdlərə igid Qəhrəmanın ikinci dünya müharibəsində keçdiyi döyüş yolu barədə ətraflı məlumat verilib.

Keçidlər