Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

“Ölkəmizi tanıyaq” tur-aksiyanın iştirakçısı olan məktəblilərin bir qrupu Lənkəranda

18 mart 2016 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədilə müxtəlif şəhər və rayonlarda yaşayan məktəbli gənclərin respublikamızın digər bölgələrinə səyahətinin təşkili davam etdirilir.
“Ölkəmizi tanıyaq” layihəsinin beşinci mərhələsi çərçivəsində təşkil edilmiş tur-aksiyanın Ucar, Yevlax, Zərdab, Ağdam, Xocalı, Xocavənd, Kəlbəcər və Laçın rayonlarının IX-XI sinif şagirdləri və onların müəllimləri martın 16-da axşam saatlarında Lənkərana gəliblər.
Aksiya iştirakçılarını Lənkəran Şəhər İcra Hakimiyyətinin məsul işçiləri, müəllimlər və ictimaiyyətin nümayəndələri qarşılayıblar.
Şəhər icra hakimiyyəti başçısının müavini İlkin Rəhimov cənub bölgəsinə səfər edən məktəbliləri və onların müəllimlərini qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib, onlara mənalı istirahət arzulayıb.
İ. Rəhimov qeyd edib ki, Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin başlıca məqsədlərindən biri gənc nəslin Vətənə, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə hörmət və məhəbbət ruhunda tərbiyə olunmasıdır. “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyalar da məhz bu amala xidmət edir.
Diqqətə çatdırılıb ki, respublikamızın ictimai-mədəni həyatında çox mühüm hadisəyə çevrilən “Ölkəmizi tanıyaq” tur-aksiyası əhali tərəfindən böyük razılıq hissi ilə qarşılanıb.
Bu layihə məktəblilərin dünyagörüşünün daha da zənginləşməsinə, gənclərin vətənpərvərlik və azərbaycançılıq prinsipləri əsasında, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasına böyük töhfə verir.
Məktəblilər Heydər Əliyev Xatirə Parkında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra Ulu Öndərin adını daşıyan Mərkəzdə böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.
Maarifləndirici tur-aksiyanın iştirakçıları martın 17-də Lənkəran rayonuna səyahətlərini davam etdiriblər.
Məktəblilər əvvəlcə Hirkan Milli Parkında gəliblər.
Aksiya iştirakçılarına məlumat verilib ki, Lənkəran və Astara inzibati rayonlarının ərazisində yerləşən Hirkan Milli Parkı zəngin flora və faunasına görə nəinki Azərbaycanın, dünyanın ən nadir və unikal milli parkı hesab olunur. Burada buzlaşma dövründən qabaqkı endemik, relikt dövr bitkiləri, o cümlədən, heyvanat aləmi qorunub saxlanılır.
Diqqətə çatdırılıb ki, Hirkan Milli Prakının ərazisi 40 min 358 hektardır. Azərbaycanın “Qırmızı kitab”ında olan ağac və kol bitkilərinin yarıdan çoxu Hirkan Milli Parkının ərazisində var.
Parkda təkcə nadir bitki aləmi deyil, nəsli tükənməkdə olan heyvan növləri də mühafizə edilir. Burada 117 növ quş və heyvanat aləmi, 1204 növ nadir bitkilər və 99 növ ağac qorunur.
Hirkan Milli Parkı ilə tanışlıqdan sonra məktəblilər “Xanbulan” istirahət mərkəzinə səyahət edib, çay plantasiyalarında və sitrus meyvə bağlarında olublar.
Lənkəran şəhərindəki “Qoşa Qala qapıları”, “Dairəvi Qala”, “Mayak” binası, Bayraq Meydanı və tarix-diyarşünaslıq muzeyi ilə tanışlıq da məktəblilərin böyük marağına səbəb olub.
Daha sonra tur-aksiyanın iştirakçıları iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun möhtəşəm abidəsini ziyarət edib, Qəhrəmanın Lənkəran şəhərindəki ev-muzeyində nümayiş etdirilən eksponatlarla tanış oldular. Burada şagirdlərə igid Qəhrəmanın ikinci dünya müharibəsində keçdiyi döyüş yolu barədə ətraflı məlumat verilib.
Diqqətə çatdırılıb ki, 34 yaşında iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına və general rütbəsinə layiq görülən həmyerlimizin adı qəhrəmanlıq simvoluna çevrilib.
Lənkəranla tanışlıq məktəblilərdə zəngin təəssürat yaradıb. Onlar ölkəmizin regionların daha yaxından tanımaq üçün yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Keçidlər