Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

İCRA BAŞÇISININ BALIQÇILAR QƏSƏBƏSİNDƏ SƏYYAR QƏBUL-GÖRÜŞÜ

12 oktyabr 2012 | 15:00

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü oktyabrın 10-da Balıqçılar qəsəbəsində keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra Aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
İnzibati ərazi dairəsinin nümayəndəsi Dadaş Abbasov 2012-ci ilin aprel ayında təşkil edilmiş qəsəbə inzibati ərazi dairəsi haqqında qısa arayış verdi, bir sıra sosial-iqtisadi problemləri İcra başçısının diqqətinə çatdırdı.
Qəsəbə sakinlərindən Məhəmməd Ağayev balıqçılıqla məşğul olan fiziki şəxslərin texniki baxışdan keçməsi və talon almaları üçün Bakıya gediş-gəlişin onlar üçün problem yaratdığını söylədi, bu problemin aradan qaldırılmasını və eyni zamanda əraziyə qaz xəttinin çəkilməsini İcra başçısından xahiş etdi.
Sahibkar Vladimir Hacıxanov sərhədçilərlə balıqçılar arasında əlaqələri qaydasına salmağı təklif etdi.
Qəsəbə sakini Əliheydər Mustafayev balıqartırma müəssisəsinin təmirə və əlavə işçi qüvvəsinə ehtiyacı olduğunu bildirdi.
Qəsəbə sakini Dilarə Eyvazova uşaq bağçasının ərazidən xeyli uzaqda yerləşdiyini bildirdi, məktəb binasının təmirə ehtiyacı olduğunu diqqətə çatdırdı.
Qəsəbə sakini Əjdər Əhmədov yolların asfaltlaşdırılması təklifini irəli sürdü.
Müəllim İsrail Əliyev qəsəbə tam orta məktəbinin dam örtüyünün yarıtmaz vəziyyətdə olduğunu söylədi.
Sonra bir neçə sakin şəxsi xahişi ilə İcra başçısına müraciət etdi.
Dövlət Sərhəd Xidmətinin əməliyyat-axtarış şöbəsinin rəisi, sərhəd xidməti polkovniki Hacıəli Hacıəliyev çıxışında balıqçılar tərəfindən qaldırılan məsələlərin Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürüləcəyini və mövcud problemlərin aradan qaldırılacağını söyləyərək qeyd etdi ki, sənədləri qaydasında olan balıqçılar üçün heç bir maneə yoxdur. Balıq ovu ilə əlaqədar ümumi qaydalar Nazirlər Kabineti tərəfindən təsdiq olunmuşdur və bütün balıqçılar bu qaydalara ciddi riayət etməyə borcludurlar. Dənizə nəzarətsiz giriş-çıxış bir qayda olaraq qadağandır.
H.Hacıəliyev daha sonra sərhədçilərlə balıqçılar arasında heç bir qarşıdurmanın olmadığını xüsusi vurğuladı.
Sonra bir neçə sakin arzu və təkliflərini İcra başçısına bildirdi.
Taleh Qaraşov çıxış edənləri diqqətlə dinlədikdən sonra bildirdi ki, Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara balıqçılar riayət etməlidirlər. Burada yaşayan əhalinin əsas məşğuliyyətinin balıqçılıq olduğunu nəzərə alaraq sərhədçilərlə balıqçılar arasında qarşılıqlı anlaşma olmalıdır. Biz bundan sonra qəsəbəyə diqqət və qayğını daha da artıracaq, görüş zamanı qaldırılan məsələlərlə əlaqədar lazımi araşdırmalar aparacaq və müəyyən güzəştlərə nail olmağa çalışacağıq.
İcra başçısı daha sonra əraziyə təbii qaz xəttinin çəkilişinə gələn ilin əvvəlindən başlanacağını vurğuladı, qəsəbə tam orta məktəb binasının dam örtüyünün operativ şəkildə dəyişdirilməsi üçün aidiyyəti orqanlara konkret tapşırıqlarını verdi.
Taleh Qaraşov sonda ölkə başçısı cənab İlham Əliyevin tapşırığına əsasən vətəndaşların sosial problemlərinin bundan sonra da daim diqqət mərkəzində saxlanılacağını əminliklə söylədi, cənab Prezidentin Lənkəranla bağlı imzaladığı son dörd sərəncamın əhəmiyyətindən danışdı, Lənkəranda yeni layihələrin icra olunduğunu diqqətə çatdırdı, şəhərimizin müasirləşməsi üçün həyata keçirilən tədbirlərin geniş vüsət aldığını, Heydər Əliyev və Azərbaycançılıq ideologiyasının xalqımızı xoşbəxt gələcəyə apardığını xüsusi vurğuladı.
 

Keçidlər