Lənkəranda “Azərbaycan-Tolerantlıq məkanı” mövzusunda elmi-praktik konfrans keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı ilin “Multikulturalizm ili” elan olunması barədə sərəncamı ilə əlaqədar Lənkəran şəhərində silsilə tədbirlər keçirilir. Bununla əlaqədar 24 fevral 2016-cı il tarixdə Lənkəran şəhərinin Heydər Əliyev Mərkəzində “Azərbaycan-Tolerantlıq məkanı” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda Lənkəran ŞiH başçısı Taleh Qaraşov, rayonun hüquq-mühafizə orqanlarının, yerli İcra strukturlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, müxtəlif millətləri təmsil edən ictimaiyyət nümayəndələri, din xadimləri və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.
Elmi-praktik konfransı açan Lənkəran ŞİH başçısı Taleh Qaraşov geniş nitq söyləyərək millətlərarası münasibətlərin tənzimlənməsində, xalqlar arasında dostluğun və birgəyaşayışın əldə olunmasında multikulturalist dəyərlərin və tolerantlığın misilsiz əhəmiyyətini qeyd etmiş və Azərbaycanda bu sahədə əldə olunmuş nailiyyətlərdən ətraflı danışmışdır. İcra başçısı Azərbaycanda multikulturalist dəyərlərin və tolerantlığın Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu, bunun üçün Ulu Öndər tərəfindən ölkədə yaşayan bütün xalqların istək və arzularını özündə ehtiva edən milli siyasətin müəyyənləşdirildiyini, cənab Prezident İlham Əliyevin uğurla davam etdirdiyi bu siyasətin ölkədə hökm sürən siyasi sabitliyin, əminamanlığın, qarşılıqlı etimadın, xalqlar dosluğunun qarantı olduğunu diqqətə çatdıraraq hər bir Azərbaycan vətəndaşının bu siyasəti ürəkdən bəyəndiyini, bu siyasətin bundan sonra da davam etməsi arzusunda olduğunu söyləmişdir.
Natiq müasir dünyanın sürətlə qloballaşdığı, qloballaşdıqca da milli-dini zəmində toqquşmalar, terror hadisələri, məzhəb savaşları, məhəlli müharibələr, dövlətlərarası etimadsızlıq, ictimai-siyasi vəziyyətin kəskinləşməsi halları ilə üz-üzə qaldığı bir vaxtda Azərbaycanda milli həmrəyliyin, xalqlar dostluğunun, möhkəm siyasi sabitliyin, rəvan inkişafın təmin olunmasının qürurverici olduğunu, beynəlxalq aləmdə ölkəmizə nüfuz qazandırdığını bildirmişdir. Bu gün milli mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı kimi hər bir lənkəranlının da gündən-günə artan milli həmrəyliyimizə, dinamik inkişafımıza, qüdrətlənən dövlətimizə, dinc təhlükəsiz həyatına görə məhz cənab Prezident İlham Əliyevin böyük uğurla həyata keçirdiyi Heydər Əliyev siyasi kursuna minnətdar olduqlarını, bu suyasətin qələbəsinə tam inandıqlarını, bu inamla da cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşdiklərini və doğma Vətənimizin tərəqqisinə xidmət etdiklərini bildirmişdir.
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Əliyeva, Qafqaz Müsəlmanları İdarəsinin Lənkəran bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Qəni Axundzadə, Lənkəran Rus icması ictimai birliyinin sədri Lidiya Koryagina, Lənkəran Dövlət Universitetinin Tarix-fəlsəfə kafedrasının baş müəllimi Kamal Mahmudov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbə müdiri Qağayı Məmmədov məruzə və çıxışlarda multikuturalizm ənənələrinin, tolerantlığın və dözümlülüyün xalqın yaşam tərzindən, tarixi keçmişindən, adət-ənənəsindən qaynaqlandığından Azərbaycanın dünyada tolerantlıq məkan kimi tanındığını qeyd etmişlər.