Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

İCRA BAŞÇISI ƏHALİ İLƏ NÖVBƏTİ GÖRÜŞÜNÜ DARQUBA KƏNDİNDƏ KEÇİRDİ

19 fevral 2016 | 16:00

Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov yerlərdə əhali ilə görüşlərini davam etdirir. Növbəti görüş fevralın 18-də Darquba kəndində keçirildi.
Görüşdə İcra aparatının rəsmiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və 300 nəfər kənd sakini iştirak edirdi.
Görüşü giriş sözü ilə açan Taleh Qaraşov hələ 2008-ci ildə dünyada başlanan iqtisadi böhranın Azərbaycana yalnız 2015-ci ilin sonlarında təsir etdiyini, ölkəmizdən də yan keçmədiyini bildirdi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi anti-böhran tədbirləri, üç böyük müşavirədə qarşıya qoyduğu mühüm vəzifələr, imzaladığı Fərman və Sərəncamlar nəticəsində respublikamızda süni qiymət artımının qarşısının qətiyyətlə alındığını söyləyən natiq ölkə əhalisinin bütün təbəqələrinin əmək haqlarının, pensiyalarının, təqaüdlərinin artırıldığını diqqətə çatdırdı. Cənab Prezidentin siyasətinin əsasını əhalinin sosial müdafiəsinin gücləndirilməsi və onların problemlərinin həll edilməsinin ali məqsəd olduğunu diqqətə çatdıran İcra başçısı iqtisadiyyatımızın neftdən asılılığını aradan qaldırmağın, daxili məhsul istehsalını artırmaq üçün aqrar sahənin dirçəldilməsinin zəruriliyini xüsusi vurğuladı.
Qeyd edildi ki, rayonumuzda kiçik və xırda torpaqlar iri fermer təsərrüfatlarında birləşdirilməli, emal müəssisələri, sənaye obyektləri fəaliyyətlərini genişləndirməli, təşəbbüskarlıq artırılmalıdır. Yalnız bu yolla ölkə əhalisinin ixrac məhsullarından asılılığını aradan qaldırmaq, süni qiymət artımının qarşısını almaq mümkündür.
Bildirildi ki, cənab Prezidentin tapşırıqlarına əsasən Lənkəran rayonunda da aqrar bölmə inkişaf etdiriləcək, əkinəyararlı  və payıbəlli torpaqlardan səmərəli istifadə ediləcək, yerlərdə çoxlu sayda yeni iş yerləri açılacaq, sitrusçuluq, çayçılıq, heyvandarlıq birgə səylərlə inkişaf etdiriləcək, ərzaq təhlükəsizliyini təmin etmək mümkün olacaqdır.
Taleh Qaraşov diqqətə çatdırdı ki, Azərbaycanda hazırda möhkəm sabitlik, əmin-amanlıq hökm sürür. Bunu qoruyub daha da möhkəmləndirmək hər birimizin vətəndaşlıq borcudur. Bu məqsədlə bütün lənkəranlılar həmişə olduğu kimi, cənab Prezidentin ətrafında sıx birləşməli, dövlət başçısının siyasətini müdafiə etməli və dəstəkləməlidirlər.
Görüşdə çıxış edən ayrı-ayrı kənd sakinləri cənab Prezidentin ətrafında bir nəfər kimi birləşdiklərini vurğuladılar, anti-böhran tədbirlərinə, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsinə, nümayəndəliyin ərazisinin mavi qazla təmin edilməsinə, Darquba kənd tam orta məktəbi üçün yeni, müasir tələblərə cavab verən binanın tikilib istifadəyə verilməsinə görə ölkə başçısına minnətdarlıqlarını bildirdilər, bir neçə təklif və xahişlə İcra başçısına müraciət etdilər.
Qaldırılan təkliflərin böyük əksəriyyəti yerindəcə həllini tapdı, digər müraciətlərin həlli istiqamətində Taleh Qaraşov tərəfindən əlaqədar təşkilat rəhbərlərinə konkret tapşırıqlar verildi.

Keçidlər