İcra başçısı Gənclərlə Bayram Sevincini Paylaşdı
2 fevral – Gənclər Günü münasibəti ilə Lənkəran şəhərində Mədəniyyət Mərkəzində təntənəli bayram tədbiri keçirilmişdir.
Bayram tədbiri dövlət himninin səsləndirilməsi ilə başlamışdır.
Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəisi Yalçın Əhmədov tədbirdə məruzə etmiş, məruzə ətrafında müzakirələrdə Lənkəran Dövlət Universitetinin tələbələri Mədinə Məmmədli, Rəşad Paşayev, Elvin Əsədli və başqaları çıxış ediblər.
Məruzə və çıxışlarda Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin hazırda möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, Lənkəranda gənclərin İcra başçısı Taleh Qaraşovun hərtərəfli qayğısı ilə əhatə olunmasından, dövlət başçısının həyata keçirdiyi anti-böhran tədbirlərinin lənkəranlı gənclər tərəfindən birmənalı olaraq dəstəklənməsindən söhbət açıldı, müəllimlərin maaşlarının, tələbələrin təqaüdlərinn artırılması üçün cənab Prezident İlham Əliyevə minnətdarlıq ifadə ediblər.
Gəncləri əlamətdar bayram münasibəti ilə təbrik edən Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov ölkədə böyük uğurla həyata keçirilən dövlət gənclər siyasətinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu, bu gün gənclərlə iş sahəsində əldə olunan nailiyyətlərin məhz cənab Prezident İlham Əliyevin bu siyasəti ardıcıl olaraq davam etdirməsinin məntiqi nəticəsi olduğunu bildirmişdir. Natiq çıxısında 1993-cü ilin iyun ayınadək və ondan sonra baş verən hadisələri müqayisə edərək Ümummilli Lider Heydər Əliyevin 2-ci dəfə siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizdə siyasi sabitliyin yaranmasının misilsiz əhəmiyyətini diqqətə çatdırmaqla 20 sentyabr 1994-cü il tarixdə “Əsrin müqaviləsi”nin bağlanmasından, 1994-cü ilin oktyabr və 1995-ci ilin mart hadisələri zamanı dövlət çevrilişinə cəhədlərin qarşısının alınmasından, 1996-cı ildən respublikamızda genişmiqyaslı iqtisadi islahatların başlanmasından və s. ətraflı danışmışdır.
İcra başçısı 1996-cı il fevralın 2-də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan gənclərinin I forumunun keçirilməsinin, həmin tarixdən başlayaraq ölkəmizdə “Gənclər Günü”nün böyük təntənə ilə qeyd edilməsinin gənclərimizin həyatında çox əlamətdar hadisə olduğunu vurğulayaraq ölkədə gənclər siyasətinin məhz Ümummilli Lider tərəfindən formalaşdırıldığını və Azərbaycanın xoşbəxt gələcəyinə hesablandığını bildirmişdir.
Taleh Qaraşov daha sonra gənclərimizin dünyada gedən siyasi proseslərə doğru-düzgün qiymət verməsinin vacibliyini vurğulayaraq onları ictimai-siyasi sabitliyi, dinc asayişi pozmağa cəhədlərin qarşısının alınmasında fəallıq göstərməyə, vətənpərvər olmağa, milli-mənəvi dəyərlər ruhunda böyüməyə, ana dilini mükəmməl bilməyə, çoxlu xarici dil öyrənməyə, ümumbəşəri dəyərlərə sadiq qalmağa, dini radikalizmə qarşı barışmaz mövqe tutmağa, daim ayıq-sayıq olmağa, heç bir təxribata uymamağa, onları cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşərək Azərbaycanın sürətli inkişafına töhvə verməyə, Vətənə, dövlətə sədaqətli olmağa çağırmışdır.
Tədbirdə rayonun ictimai-siyasi həyatında fərqlənən gənclərin bir qrupuna Lənkəran ŞİH-nin fəxri fərmanları və qiymətli hədiyyələr təqdim edilmişdir.
Tədbirin sonunda bayram konserti olmuşdur.