Anti-böhran tədbirləri ilə bağlı görüşlər Lənkəranda ardıcıl olaraq davam etdirilir
Lənkəran ŞİH başçısı Taleh Qaraşovun əhali ilə növbəti görüşü rayonun Girdəni kəndində keçirilib. Görüşdə şəhər İcra hakimiyyəti başçısı aparatının, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların, habelə xidmət sahələrinin rəhbər işçiləri və 300 nəfər kənd sakini iştirak etmişdir.
Görüşü açan İcra başçısı qlobal iqtisadi böhran şəraitində Azərbaycanda sosial-iqtisadi inkişafın sürətlə davam etməsini cənab Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasətin məntiqi nəticəsi olduğu vurğulamışdır. Natiq qeyd etmişdir ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyasının düzgün istiqamətdə aparılması, paralel olaraq qeyri-neft sektorunun inkişaf etdirilməsi sayəsində əldə olunmuş iqtisadi resurslar Azərbaycan xalqını dəhşətli böhranın xaotik nəticələrindən qorumuşdur. Ölkədə, o cümlədən Lənkəran rayonunda aparılan genişmiqyaslı quruculuq-abadlıq işlərindən danışan İcra başçısı bütün bu işlərin Azərbaycan vətəndaşının xoş güzəranı üçün görüldüyünü önə çəkərək qazanılan nailiyyətlərin Heydər Əliyev siyasi kursunun bəhrəsi olduğunu qeyd etdi. Sonra natiq Dövlət başçısının sərəncamı ilə həyata keçirilməyə başlanmış anti-böhran tədbirlərinin Lənkəran rayonunda da ardıcıl olaraq davam etdiyini, sakinlərin bu tədbirləri razılıqla qarşıladıqlarını bildirmişdir. Cənab Prezidentin tapşırığı ilə yerlərdə əlavə iş yerlərinin açılacağını, gənclərin işlə təmin olunacağını, aqrar sahənin inkişafına, torpaqlardan səmərəli istifadəyə davamlı dəstəyin veriləcəyini qeyd edən İcra başçısı hamını ümumi mənafe naminə ölkə başçısının ətrafında sıx birləşməyə, vətənə və dövlətə sədaqətlə xidmət etməyə çağırmışdır.
Kənd sakinləri çıxışlarında Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasi kursu ürəkdən bəyəndiklərini, xalqın rifah-halının yaxşılaşması üçün görülən tədbirləri bəyəndiklərini bildirərək ölkə başçısına minnətdarlıqlarını bildiriblər.
Görüşün sonunda İcra başçısı vətəndaşların müraciət və təkliflərini dinləyərək onların həlli ilə bağlı aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlarını vermişdir.