Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA ANTİ-BÖHRAN TƏDBİRLƏRİ ƏHALİ ARASINDA GENİŞ TƏBLİĞ OLUNUR

28 yanvar 2016 | 16:00

Yanvarın 28-də Lənkəran Şəhər Mədəniyyət Mərkəzində Prezident İlham Əliyevin sədrliyi ilə regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının icrasının ikinci ildönümünə həsr olunmuş konfransda dövlətimizin başçısının nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
Rayonun idarə, müəssisə və təşkilatlarının, hüquq-mühafizə orqanlarının rəhbərlərinin, ərazi icra nümayəndələrinin, bələdiyyə sədrlərinin və ictimaiyyət təmsilçilərinin iştirak etdiyi toplantıda çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov bildirib ki, dünyanın ən inkişaf etmiş ölkələrinin iqtisadi çətinliklərlə, böhranla üz-üzə qaldığı bir dövrdə Azərbaycanda iqtisadiyyatın dinamik şəkildə inkişafının davam etməsi, sosial-iqtisadi və digər sahələrdə qazanılan uğurlar bütün ölkə vətəndaşları kimi, lənkəranlıları da hədsiz sevindirir.
Ölkəmizdə möhkəm siyasi sabitliyin, vətəndaş həmrəyliyinin hökm sürdüyünü vurğulayan       T.Qaraşov bu uğurları ümummilli lider Heydər Əliyevin siyasi xəttinin dövlətimizin başçısı tərəfindən uğurla davam etdirilməsinin məntiqi nəticəsi kimi dəyərləndirib.
Qeyd olunub ki, bu gün dünyada davam edən iqtisadi böhran Azərbaycandan da yan ötməyib. Manatın devalvasiyası nəticəsində yaranmış çətinliklərdən bəzi radikal qüvvələr öz çirkin niyyətləri naminə istifadə etməyə cəhdlər göstəriblər. Lakin, onların bu cəhdləri əbəsdir. Azərbaycan Prezidentinin müdrik siyasəti, həyata keçirdiyi anti-böhran tədbirləri və müəyyən etdiyi hədəflər öz bəhrəsini verməkdədir.
Bildirilib ki, süni surətdə qiymətlərin qaldırılmasına dövlət nəzarətinin gücləndirilməsi, ölkədə genişmiqyaslı iqtisadi islahatlara başlanması, pensiya və müavinətlərin, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışanların əmək haqlarının artırılması ölkə başçısının əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərin davamıdır.
Diqqətə çatdırılıb ki, iqtisadi çətinliklərə baxmayaraq, ölkəmizdə 2016-cı ildə də bütün sosial layihələr icra olunacaq, iqtisadi islahatlar davam etdiriləcək.
Bildirilib ki, Lənkəranda anti-böhran tədbirləri əhali arasında geniş təbliğ olunur. Rayonda əhalinin məşğulluğunu təmin etmək məqsədilə 500 hektar sahədə subtropik bitkilərin əkilməsi, çayçılığın inkişaf etdirilməsi və yaşıl marketlərin yaradılması barədə təkliflər müsbət qarşılanmışdır və bu istiqamətdə işlər davam etdiriləcək.
Müşavirədə çıxış edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib ki, 2008-ci ildən dünyada başlanan iqtisadi böhran 2015-ci ilədək Azərbaycana təsir etməyib. Dünya bazarında neftin qiymətinin dörd dəfə aşağı düşməsi, manatın devalvasiyası ölkəmizdə də bir sıra problemlər yaradıb.
Əhalinin sosial təminatını maksimum müdafiə etmək məqsədilə Prezident İlham Əliyevin təşəbbüsü ilə Milli Məclisə təkliflər paketinin təqdim olunduğunu vurğulayan Z. Əsgərov dövlətimizin başçısının imzaladığı Sərəncamlara əsasən pensiya və müavinətlərin, büdcədən maliyyəşən bir sıra idarə, müəssisə və təşkilatlarda çalışanların əmək haqlarının artırılmasının insan amilinin dövlətimizin siyasətində əsas prioritetlərdən biri olduğuna daha bir nümunə kimi diqqətə çatdırıb.
Qeyd olunub ki, “Şimal-Cənub” beynəxalq yol dəhlizində, “TANAP” və “TAP” layihələrinin icrası istqamətində işlərin davam etdirilməsi yeni iş yerlərinin açılması ilə bərabər, büdcənin neftdən asılılığını azaldacaq.
Prezident İlham Əliyevin Lənkəran-Astara zonasına xüsusi diqqət və qayğı göstərdiyini bildirən Z. Əsgərov bu bölgədə yaşayan insanların dövlətə və dövlətçiliyimizə həmişə sədaqətli olduqlarını qeyd edərək, hamını ölkə başçısı ətrafında daha sıx birləşməyə çağırıb.
Müşavirədə çıxış edən Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Şəhanə Əhmədova, Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Ağabala Kəlbiyev, şəhər mədəniyyət və turizm şöbəsinin müdiri Vüsal Nəsirli və Lənkəran Dövlət Universitetinin magistrantı, universitetin tələbə-gənclər təşkilatının sədri Emin Həmidli dövlətimizin başçısının anti-böhran təddbirlərini dəstəklədiklərini ifadə edərək əhalinin müxtəlif təbəqələrinin əmək haqlarının, pensiya və müavinətlərin artırılmasına göstərilən qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Müşavirəni yekunlaşdıran Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Azərbaycan Prezidentinin  tapşırıqlarına müvafiq olaraq regionlarda sənaye zonalarının yaradılması, özəlləşdirmə prosesinin davam etdirildiyini vurğulayaraq rayonda yeni iş yerlərinin açılması istiqamətində kənd yerlərində xalçaçılığın inkişaf etdirilməsinin, xaricdə yaşayan lənkəranlı sahibkarların rayonda iş görmək üçün investisiya qoymağa cəlb edilməsinin, əkinə yararlı torpaqlardan səmərəli istifadə olunmasının vacibliyini diqqətə çatdırıb.

Keçidlər