Lənkəranda qüdrətli sərkərdə Həzi Aslanovun doğum günü qeyd edildi
Yanvarın 22-si Böyük Vətən Müharibəsinin qüdrətli sərkərdələrindən biri, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru, xalqımızın rəşadətli oğlu Həzi Aslanovun doğum günüdür. Bu münasibətlə qəhrəmanın adını daşıyan Xatirə Parkında xatirə tədbiri keçirilmişdir.
Lənkəran ŞİH-nin, Böyük Vətən Müharibəsi veteranlarının, Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyi Cənub bölgəsinin, ümumtəhsil məktəblərin müəllim və şagird kollektivlərinin, ziyalıların, ictimaiyyətin, KİV-lərin və s. nümayəndələrinin qatıldığı tədbiri respublikanın Xalq artisti Qabil Quliyev açmışdır. Əvvəlcə qəhrəmanın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra Q.Quliyev görkəmli sərkərdəmizin II Dünya Müharibəsində göstərdiyi misilsiz şücaətdən danışmış, onun keçdiyi şanlı döyüş yolunun gənclərimiz üçün böyük bir örnək, qəhrəmanlıq məktəbi olduğunu vurğulamışdır.
Daha sonra məktəb şagirdlərinin ifasında Həzi Aslanova, şəhidlərə, Vətənə, torpağa həsr olunan şeir və mahnılar səslənmişdir.
Bu gün Lənkəran məktəbliləri qəhramanın ev müzeyini ziyarət etmiş və qəhramanın şərəfli həyat və rəşadətli döyuş fəaliyyəti ilə yaxından tanış olublar.