Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəran ŞİH başçısı növbəti səyyar qəbul-görüşünü Sütəmurdov kəndində keçirdi

16 yanvar 2016 | 16:00

Əhalini düşündürən problemlərin yerindəcə araşdırılması və həlli ilə bağlı operativ tədbirlərin görülməsi məqsədilə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının yerlərdə səyyar qəbul-görüşləri davam etdirilir. İcra başçısının növbəti səyyar qəbulu 15 yanvar 2016-cı il tarixdə rayonun Sütəmurdov kəndində keçirilmişdir. Qəbul-görüşdə şəhər İcra hakimiyyəti başçısı aparatının, hüquq-mühafizə orqanlarının, rayonun idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri ilə yanaşı 300 nəfər ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Sütəmurdov kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Ədalət Babayev görüşü açaraq cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dinamik inkişaf kursu hesabına ölkənin hər yerində olduğu kimi Lənkəran rayonunda da genişmiqyaslı quruculuq-abadlıq işlərinin görüldüyünü, mühüm əhəmiyyətli sosial layihələrin icrasının davam etdirildiyini, infrastrukturun yaxşılaşdığını qeyd edərək yaşadıqları Sütəmurdov kəndinin də bu inkişafdan bəhrələndiyini, kənddə bir sıra zəruri abadlıq işlərinin görüldüyünü bildirmişdir. Şəhər İcra hakimiyyətinin rəhbərliyi ilə görülən bu işlərin kənd sakinləri tərəfindən rəğbətlə qarşıladığını qeyd edən İcra nümayəndəsi bildirdi ki, son vaxtlar dünyada baş verən maliyyə böhranı ilə əlaqədar bəzi məhsulların qiymətlərinin qalxmasını əsas gətirən bəzi şəxslərin törətdiyi qanunsuz hərəkətlərə Sütəmurdov kəndinin sakinləri də qəti etirazlarını bildirirlər. Bu hərəkətlərin heç bir əsası olmadığını bildirən İcra nümayəndəsi Sütəmurdov kəndinin sakinlərinin bu hərəkətləri qətiyyətlə pislədiyini və bunların qarşısının alınması istiqamətində görülən tədbirləri tamamilə müdafiə etdiklərini söylədi.
Sütəmurdov kənd ağsaqqalı Ağabala Hüseynov, kənd sakini, mədəniyyət işçisi Cavad Rəcəbov, kənd məscidinin axundu Fəzail Sadıqov, kənd məktəbinin müəllimi Gülşən İbrahimova, kənd ambulatoriyasının baş həkimi İlqar Ağayev çıxış edərək cənab Prezidentin həyata keçirdiyi islahatlar kursunu tamamilə dəstəklədiklərini və müdafiə etdiklərini, inkişafımızı gözügötürməyən qüvvələrin təhriki ilə qeyri-sabitliyi pozmağa göstərilən cəhdləri pislədiklərini bildirmiş və tək-tək hallarda olsa belə, bu insanların xəyanətkar hərəkətlərinin qarşısının alınması istiqamətində ən ciddi tədbirlərin görülməsini tələb etdiklərini bildiriblər.  Onlar cənab Prezident İlham Əliyevin ardıcıl səyləri ilə daha da möhkəmlənmiş siyasi sabitliyin, sakit həyatlarını kiminsə pozacağına imkan verməyəcəklərini, əldə olunmuş nailiyyətlərin bundan sonra da davam edəcəyinə, yaşayışlarının daha da yaxşılaşacağına tam əmin olduqlarını və cənab Prezidentin anti-böhran tədbirlərinin, çörəyin və un məmulatlarının qiymətlərinin tənzimlənməsi ilə bağlı son qərarının onları bir daha buna inandırdığını qeyd ediblər.  Çıxış edən natiqlər kənddə mövcud olan bəzi problemlərin həlli ilə bağlı təkliflərini də irəli sürüblər.
Verilən təklifləri və fərdi müraciətləri dinləyərək onların həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlarını verən İcra başçısı Taleh Qaraşov görüşü yekunlaşdıraraq qeyd etdi ki, 2015-ci il dünyada böhran ili kimi tarixə düşsə də, Azərbaycan iqtisadiyyatı üçün uğurlu il olmuşdur. Bütün sahələrdə dinamik inkişaf davam etmişdir. Dünyada baş verən iqtisadi böhrana baxmayaraq əhalinin həyat şəraitinin yaxşılaşmasında mühüm əhəmiyyəti olan heç bir sosial layihənin icrası dayanmamış, əksinə icrası daha da sürətlənmişdir. Neftin qiymətinin beynəlxalq bazarda bir neçə dəfə ucuzlaşmasına baxmayaraq  iqtisadiyyatda yenə də artım əldə olunmuşdur.  Bu barədə cənab Prezidentin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında geniş qeyd olunmuşdur. Ölkə iqtisadiyyatında əldə olunmuş artımın regionlarda, o cümlədən Lənkəran şəhərinin və bütövlükdə rayonun sosial-iqtisadi inkişafının uğurla davam etməsində mühüm rolu olmuşdur. Cənab Prezidentin davamlı diqqəti və qayğısı ilə ötən il rayonda bir sıra investisiya layihələri həyata keçirilmiş, Mədəniyyət Mərkəzi, Xan sarayı əsaslı təmirdən sonra yenidən açılmış, yeni məktəb və uşaq bağçası tikilib istifadəyə verilmiş, magistral yollar asfaltlanmış, Koreyadan gətirilmiş yeni sitrus meyvə bağları salınmış, yeni iş yerləri açılmışdır. Cənab Prezident İlham Əliyevin Lənkərana səfərini ötən ilin ən əlamətdar hadisəsi hesab edən İcra başçısı Heydər Əliyev siyasi kursunun daha uğurlu gələcəyə aparan yeganə düzgün yol olduğunu, cənab Prezidentin fəaliyyət istiqamətinin Azərbaycan xalqının nicat yolu olduğunu bildirərək bütün vətəndaşları bu siyasi kurs ətrafında sıx birləşərək Vətənə xidmət etməyə çağırmışdır.

Keçidlər