Lənkəranda Ümummilli Liderin xatirəsi yüksək ehtiramla anıldı
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyevin dünyasını dəyişməsindən 12 il ötsə də, onun əziz xatirəsi qəlblərdə daim yaşayır. Ölkəmizdə və dünyanın bir çox ölkələrində Ulu Öndərin şəxsiyyətinə böyük ehtiram əlaməti olaraq xatirə günləri, anım tədbirləri keçirilir. Həyatının doğma xalqının azdlığına, müstəqilliyinə və milli tərəqqisinə həsr etməklə hər bir azərbaycanlının qəlbində özünə möhtəşəm abidə ucaltmış, xalqın əsil Ümummilli Liderinə çevrilmişdir.
Ulu Öndərin Azərbaycanın hər yeri kimi Lənkəranın da sosial-iqtisadi inkişafı ilə bağlı əvəzsiz xidmətləri olmuşdur. Hələ ilk hakimiyyəti dövründə Ümummilli Lider dəfələrlə Lənkəra səfərə gəlmiş, sakinlərlə səmimi və mehribanlıqla görüşərək onları narahat edən problemləri dinləmiş və həlli ilə bağlı tapşırıqlarını vermiş, yeni infrastrukturun yaradılmasını, yaşayış massivlərinin salınmasını, təhsil, səhiyyə, mədəniyyət ocaqlarının, emal müəssisələrinin tikilməsini birbaşa diqqətində saxlamış, rayonda mədəni quruculuq sahələrində əməli işlər görmüşdür. Hər bir lənkəranlı qürur hissi keçirir ki, onlar bu diqqət və qayğını cənab Prezident İlham Əliyevdən görürlər.
Lənkəran şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı cənab Prezidentin imzaladığı sərəmcamları lənkəranlılar sonsuz sevinc və minnətdarlıq hissi ilə qarşılayırlar. Təsadüfi deyil ki, dekabrın 12-də Azərbaycanın hər yerində olduğu kimi Lənkəranda da Ulu Öndərin anım günü ümumxalq sevgisinin nümayişinə çevrilmişdir.
Səhər tezdən Heydər Əliyev xatirə parkına tər qərənfil dəstələri ilə gələn lənkəranlılar, ağsaqqallar, ziyalılar, din xadimləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, əmək kollektivlərinin üzvləri, gənclər, tələbələr, idmançılar, rayonun hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhər İcra hakimiyyətinin rəhbər işçiləri həzin müsiqi sədaları altında aramla Ulu Öndərin abidəsinə tərəf hərəkət ediblər.
İlk olaraq Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Ümummilli Liderin abidəsini ziyarət edib abidə önünə gül çiçək dəstəsi qoymuşdur. Sonra ümumxalq ziyarəti başlamış və abidə tər çiçəklərə bürünmüşdür.
Sonra ziyarət Heydər Əliyev Mərkəzində davam etmiş, İcra başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri Ulu Öndərin həyat vəaliyyətini əks etdirən stendlərlə bir daha yaxından tanış olub, dahi rəhbərin xatirəsini anıblar.