LƏNKƏRANIN TALIŞLI KƏNDİNƏ TƏBİİ QAZ VERİLDİ
Dekabrın 10-da Haftoni qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Talışlı kəndinə təbii qazın verilməsi münasibətlə təntənəli açılış mərasimi keçirildi.
Mərasimi giriş sözü ilə açan Lənkəran ŞİH başçısının Haftoni inzibati ərazi dairəsi üzrə nümayəndəsi Zahid Əzimov əlamətdar hadisə münasibətilə bütün kənd sakinlərinin adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıq etdi.
Kənd sakinlərindən ağsaqqal Əli Fərəcov, müəllim Məmmədağa Kişiyev və başqaları möhtərəm Prezident İlham Əliyevə, Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşova, “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyinə və bu işdə zəhməti olanlara minnətdarlıq duyğularını ən xoş sözlərlə ifadə etdilər.
Lənkəran Regional Qaz-İstismar İdarəsinin rəisi Elçin Məmmədov Talışlı kənd sakinlərini təbrik etdi, onlara mavi yanacaqdan səmərəli istifadə və təhlükəsizlik qaydalarına ciddi riayət etməyi tövsiyə etdi.
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov təbrik nitqində bildirdi ki, bu gün Talışlı kənd sakinlərinin həyatında ən xoş, əlamətdar günlərdən biridir. Uzun illər həsrətində olduğunuz mavi yanacağın kəndinizə verilməsi və xüsusilə bu hadisənin payız-qış mövsümünə təsadüf etməsi hər bir sakinin sevincinə səbəb olmuşdur. İcra başçısı ümidvar olduğunu bildirdi ki, təbii qazın kəndə verilməsi hər bir sakinin rahatlığına xidmət edəcəkdir. Qoy mavi yanacaq evlərə hərarət, istilik, xeyir-bərəkət gətirsin.
Sonda rəmzi məşəl alovlandırıldı.
Talışlı kəndində 158 abonent təbii yanacaqdan istifadə edəcəkdir. Bu məqsədlə 158 mexaniki sayğac və qaztənzimləyici quraşdırılmış, evlərə 8090 p/m boru çəkilmişdir.
Talışlı Lənkəranın qazlaşdırılan sayca 64-cü kəndidir (ümumi abonentlərin 85%-i). İlin sonunadək daha 4 yaşayış məntəqəsinin təbii qazla təmin olunması istiqamətində işlər davam etdirilir, bu da rayonda ümumi abonentlərin 43547 nəfər yəni 92,7 %-ni təşkil edəcəkdir.