Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda din-dövlət münasibətlərinin tənzimlənməsi məsələlərinə dair elmi- praktik konfrans keçirildi

08 dekabr 2015 | 16:00

Dekabrın  8-də Lənkəran şəhər Mədəniyyət Mərkəzində din-dövlət münasibətlərinin tənzimlənməsi vəziyyəti, rayonda dini durumda  sabitliyin təmin edilməsi ilə bağlı görülən tədbirlər və bu sahədə qarşıda duran vəzifələrə dair elmi-praktik konfrans keçirildi.
        Konfransı giriş sözü ilə açan Lənkəran Şəhər İcra Hakimiyyətinin  başçısı Taleh Qaraşov bildirdi ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursun cənab Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilməsi sayəsində ölkədə bütün sahələrdə olduğu kimi din-dövlət münasibətlərinin tənzimlənməsi sahəsində də əsaslı işlər görülmüşdür. Ölkədə hökm sürən siyasi sabitlik, əminamanlıq, vətəndaş həmrəyliyi sosial-iqtisadi inkişaf üçün gözəl şərait yaratmış, Azərbaycanı sivil, tolerant bir ölkəyə çevirmişdir. Lakin ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması anti-azərbaycan qüvvələrini narahat edir. Onlar ölkədə sabitliyi, əminamanlığı pozmaq üçün  bütün vasitələrdən istifadə edirlər. Bu qüvvələr ölkəmizə qarşı yalan dolu bəyanatlar yayır, özlərinin çirkin niyyətlərini həyata keçirmək üçün müxtəlif təxribatlara əl atırlar. Noyabrın 26-da  anti-azərbaycan qüvvələri  Nardaran qəsəbəsində Azərbaycan cəmiyyəti tərəfindən birmənalı olaraq bəyənilən və qəbul edilən tolerant dövlət-din münasibətlərini pozmağa, əsrlər boyu xalqın mənəviyyatında qorunaraq nəsildən-nəsilə keçmiş dini ayinlərin istiqamətini dəyişməyə, sağlam cəmiyyətimizdə qarşıdurma yaratmağa  cəhd etdilər. Radikal mövqeli bir qrup dindar zərurət yarandığına görə xüsusi əməliyyatı həyata keçirən polis işçilərinə qarşı qumbaralar atmış və avtomat silahlardan atəş açmışdır. Dövlət tapşırığını icra edən iki   nəfər polis işçisi qəhrəmancasına həlak olmuş, cinayətkar dəstənin 4 üzvü məhv edilmiş, daha bir neçə nəfəri yaralanmışdır. Həlak olan iki nəfər polis işçisindən biri həmyerlimiz  İsmayıl  Rəsul  oğlu  Tağıyev olmuşdur.
        Bu hadisə bir daha sübut etdi ki, cənab Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti ilə ölkəmizdə siyasi sabitliyin, milli həmrəyliyin getdikcə möhkəmlənməsi, dinamik sosial-iqtisadi inkişafın sürətlə davam etməsi bəzi qüvvələrin ürəyincə deyil. Onlar istəmirlər ki, ölkəmizdə Ümumimilli Liderimiz Heydər Əliyevin dərin düşüncəsi ilə formalaşmış tolerantlıq dünya üçün bir nümunə olsun. Onlar razı ola bilmirlər ki, Azərbaycan balanslaşdırılmış düzgün xarici siyasət quraraq bugünkü mürəkkəb qlobal proseslərdən, maliyyə böhranından, iqtisadi asılılıqdan özünü qoruya bilir. Bunları gözləri götürmədiklərinə görə anti-azərbaycan qüvvələri bu təxribatları zaman-zaman törətməyə cəhdlər edir və hər dəfə də onların bu bəd niyyətləri dövlətimizin qüdrəti qarşısında puç olur.
      Taleh Qaraşov daha sonra qeyd etdi ki, Azərbaycanda hər bir xalqın adət-ənənəsinə, milli-mənəvi dəyərlərinə, dini etiqadına hörmət və ehtiram dövlətimizin siyasi xəttinin tərkib hissəsidir. Bu siyasətin nəticəsidir ki, Azərbaycan dünyanın sürətlə inkişaf  edən ən sabit , ən tolerant ölkəsi kimi tanınır. Onlar bilməlidirlər ki, bu gün Azərbaycanda dünyəvi, demokratik dövlət qurulur, hər yanda möhkəm ictimai-siyasi sabitlik hökm sürür.
      İcra başçısı Taleh Bağırzadənin yaratdığı “ Müsəlman birliyi hərəkatı” adlı ekstremist təmayüllü dini-radikal təşkilatın Lənkəranda ictimai-siyasi sabitliyin pozulmasına göstərdiyi cəhdlərdən,  bu təşkilatın Lənkərandan olan əlaltıları Zülfüqar Mikayılzadə və Elman Ağayev kimi şəxslərin gəncləri həmin təşkilata qoşulmağa, onları yanlış yola vadar etməsindən söz açdı, rayonun hüquq-mühafizə orqanları tərəfindən iğtişaşların qarşısının qətiyyətlə alındığını və hazırda Lənkəranda tam sabitliyin və əminamanlığın hökm sürdüyünü xüsusi vurğuladı.
    Daha sonra Lənkəran ŞİH başçısının birinci müavini İlqar Dadaşov “Din-dövlət münasibətlərinin vəziyyəti, dini durumun sabitliyinin təmin edilməsi ilə bağlı görülən tədbirlər və bu sahədə qarşıda duran vəzifələr” mövzusunda məruzə etdi. Natiq ölkəmizdə dövlət-vətəndaş, dövlət-din münasibətlərinin tolerant şəkildə qurulmasından ötrü bütün lazımi şəraitin təmin edildiyini diqqətə çatdıraraq bildirdi ki, Lənkəran ŞİH yanında daimi fəaliyyət göstərən Dini məsələlər üzrə komissiya bu sahədə işin yaxşılaşdırılması, milli-mənəvi və dini dəyərlərin yaşadılması, kənar təsirlərdən qorunması sahəsində dövlət əhəmiyyətli işlərlə yanaşı, yerli mahiyyət daşıyan dini-əxlaqi məsələlərin həllinə də mühüm diqqət yetirir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə rayonda dövlət-din münasibətlərinin qanunauyğun tənzimlənməsini təmin etmək məqsədi ilə seminar-müşavirələr keçirilir, din xadimlərinin məsuliyyətinin daha da artırılması ilə bağlı onlara müvafiq tövsiyələr verilir. Natiq hazırda rayonda 78 məscid və ibadətgahın, 10 tanınmış türbə və ziyarətgahın fəaliyyət göstərdiyini diqqətə çatdırdı.
      Məruzə ətrafında müzakirələrdə Lənkəran rayon Ağsaqqallar  Şurası sədrinin müavini Sərhad Məmmədov, Milli Qəhrəman atası, təqaüdçü  Hacı Ələkbər Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə qazisi Hacı Qəni Axundzadə , Dini Qurumlarla İş   üzrə Dövlət Komitəsinin Lənkəran bölməsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov və başqaları çıxış edərək, Naradaran hadisələrini qətiyyətlə pislədilər, təklif və rəylərini söylədilər.Lənkəran nŞəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov konfransı yekunlaşdırıb müzakirə olunan məsələ ilə bağlı tövsiyyə və tapşırıqlarını verdi.
       Sonda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlandı.

 

Keçidlər