Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA “LƏNKƏRAN PAYIZI” III FOLKLOR FESTİVALI KEÇİRİLDİ

07 dekabr 2015 | 16:00

Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzinin əhatə dairəsinə daxil olan klub müəssisələrinin fəaliyyətini gücləndirmək üçün 2013-cü ildən etibarən Mər-kəzdə ənənəvi Folklor Festivalı keçirilir. Dekabrın 5-də  reallaşan  “Lənkəran payızı” III Folklor Festivalı klublarda folklor işinin daha da yaxşılaşdırılmasına, qeyri-maddi mədəni irsin qorunub saxlanılmasına, onun inkişaf etdirilməsinə,  milli folklorumuza marağın daha da artırılması və gənc nəslə tanıdılmasına  xidmət edirdi.  Festival Lənkəran şəhər Mədəniyyət Mərkəzi barədə əsasnamənin  II bəndi, 12.5 maddəsi əsas götürülərək, Lənkəran  şəhər Mədəniyyət və turizm şöbəsi ilə razılaşdırılaraq Q. Və-liyev adına   Lənkəran şəhər Mədəniyyət  Mərkəzi  tərəfindən, onun bazasında gerçəkləşdirildi.
Folklor Festivalı sentyabr ayından öz işinə başlamışdı və 4 mərhələdə, 4 nominasiya üzrə keçirilirdi. 1-ci mərhələ klublarda, 2-ci mərhələ klub filial birliklərində, 3-cü mərhələ Mədəniyyət Mərkəzinin proqram şurası qarşısında, 4-cü yekun mərhələ isə Mədəniyyət Mərkəzinin böyük zalında keçirildi.
Yekun proqrama musiqi, rəqs, oyunlar və bədii qiraət  nominasiyası üzrə fərqlənmiş klub bədii özfəaliyyət kollektivləri  daxil edilmişdi.
Yenicə təmirdən çıxmış Mədəniyyət Mərkəzinin səhnəsi Lənkəran evlərinin dekorasiyası ilə, pirotexnika, rəngarəng işıqlar, sənətkarlıq nümunələri, diyarşünaslıq əşyaları ilə bəzədilmişdi.
Q.Vəliyev adına Lənkəran şəhər Mədəniytyət Mərkəzinin direktoru Hafiz Mirzə giriş sözü ilə çıxış etdi.
    Şəhər  Mədəniyyət və turizm şöbəsinin müdiri Vüsal Nəsirli təbriklərini söylədi.
İştirakçılar arasında Mədəniyyət Mərkəzinin “Çölləmə”, Boladi Folklor Klubunun “Kinəlim” və “Ay Lolo”, Girdəni Diyarşünaslıq Evinin “Vənəşə” folklor rəqs qrupları daha çox fərqləndi. Müğənnilər Mətanət Babayeva, Vüsal Bağırov, Səfərəli Qasımov, Gülçöhrə Məmmədova, Amil Tahirov, Sevinc Məmmədova, Natəvan Hüseynova xalq mahnıları ifa etdilər. Bədii qiraət ustaları Fatimə Mirzəzadə, Əli Məcidov və Əli Qulamzadə şeirlər, lətifələr söylədilər. Aşıq Hüseynağa Məhərrəmoğlu səhnəyə saz havasının gözəlliyini qatdı. Məşhur “Nənələr” Folklor kollektivi talış, Azərbaycan və ingilis dillərində mahnılar ifa etdi.
Sonda iştirakçılar festivalın laureat diplomları və mükafatlarla təltif olundular.
        Festivala Lənkəran şəhər Mədəniyyət və turizm şöbəsi və Lənkəran Bələdiyyəsi Təşkilati və maliyyə dəstəyi göstərirdi. Qonşu Masallı, Astara və Lerik rayonlarının Mədəniyyət Mərkəzi rəhbərləri Folklor Festivala dəvət olunmuşdu.
Folklor Festivalın işində Mədəniyyət Mərkəzi, Zövlə Sənətkarlıq evi,  Girdəni Diyarşünaslıq Evi, Boladi-1 və Boladi-2 Folklor klubları, Liman Folklor Klubu, Mamusta Folklor evi, Ürgə Yaradıcılıq Evi, Şağlaser Sənətkarlıq Evi, Sütəmurdov Diyarşünaslıq Klubu, Moloja Sənətkarlıq Klubu, Haftoni Sənətkarlıq Klubu, Şıxəkəran Folklor Evi, Separadi Folklor Evi, Göyşaban Yaradıcılıq Evi, Parakənd Folklor Klubu, Hirkan Yaradıcılıq Evi, Aşağı Nüvədi Sənətkarlıq Evi, Türkəkəran Folklor evi və Vilvan Folklor Klubu xüsusi  fəallıq göstərdi.

Keçidlər