Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

ŞURA İCLASINDA 9 AYIN YEKUNLARI MÜZAKİRƏ EDİLDİ

20 oktyabr 2015 | 15:00

Oktyabrın 20-də Heydər Əliyev Mərkəzində Lənkəran ŞİH başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirildi.
İclasda 2015-ci ilin 9 ayı ərzində Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin oktyabrın 12-də Nazirlər Kabinetinin cari ilin 9 ayının yekunlarına həsr olunmuş iclasındakı çıxışından irəli gələn vəzifələr müzakirə edildi.
İclasa sədrlik edən Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov bildirdi ki, Azərbaycan Respublikasının  Prezidenti cənab  İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatların uğurla davam etdirilməsi sayəsində əvvəlki illərdə olduğu kimi, 2015-ci ilin ötən 9 ayı ərzində də sosial-iqtisadi inkişaf sahəsində yüksək nailiyyətlər qazanılmış, genişmiqyaslı tikinti-abadlıq işləri görülmüş, mühüm sosial əhəmiyyətli layihələr həyata keçirilmişdir. Cari ilin statistik məlumatları bir daha sübut edir ki, Avropada, bütövlükdə dünyada dərin böhranların baş verdiyi bir şəraitdə ölkəmizdə sosial-iqtisadi və mədəni quruculuq sahələrində böyük  uğurlar  qazanılır, sosial problemlər həll olur, xalqın rifahhalı durmadan yaxşılaşır. 
Nazirlər  Kabinetinin  cari ilin  doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında cənab Prezident İlham Əliyev qeyd etmişdir ki, 2015-ci ilin  9 ayında Azərbaycan iqtisadiyyatı uğurla inkişaf etmişdir, baxmayaraq ki, həm bölgədə, həm də Avropada iqtisadi böhran davam edir. Ötən 9 ay ərzində makro-iqtisadi vəziyyət sabit olmuş, ölkə üzrə ümumi daxili məhsul 3.7 faiz, kənd təsərrüfatında 6.7 faiz və sənaye istehsalında təxminən 2.1 faiz artım əldə olunmuş, qeyri-neft sektoru ümumilikdə 10 faizdən çox artmışdır. Ölkədə böyük tikinti layihələri  icra olunmuş, çoxlu sayda istehsal və sosial obyektlər istifadəyə verilmiş, yeni iş yerləri açılmışdır. Hökumətin fəaliyyətində həmişə olduğu kimi, sosial siyasət yenə öndə olmuş, nəticədə əhalinin yaşayış səviyyəsi xeyli yüksəlmiş, pul gəlirləri  5.8 faiz artmışdır. İnflyasiya 3.7  faiz olmuşdur.
9 ay ərzində 67 mini daimi olmaqla  87 minə yaxın iş yeri açılmışdır. Bu müddətdə ölkə iqtisadiyyatına 16 milyard dollar sərmayə qoyulmuşdur. Yoxsulluq 5 faiz səviyyəsində olmuşdur.
Cari ildə ölkə həyatının ən əlamətdar hadisəsi Bakı şəhərində  keçirilmiş birinci Avropa Oyunları olmuşdur. Müstəqillik tariximizin qürurverici səhifələrindən birinə, ölkə üzrə ümummilli həmrəyliyin göstəricisinə çevrilmiş bu möhtəşəm idman bayramı müstəqil Azərbaycanın gənc idmançılarının xalqımıza bəxş etdikləri hədsiz qələbə sevinclərini, onların fədakar mübarizəsini və gücünü nümayiş etdirməklə yanaşı, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimizin gündən-günə artan qüdrətini, böyük məsuliyyət və təşkilatçılıq tələb edən dünya səviyyəli mötəbər tədbirləri belə yüksək səviyyədə keçirməyə qadir olduğunu da bir daha sübut etdi.
“Bakı 2015” birinci Avropa Oyunlarının məşəl marafonunun Lənkəran şəhərindən də keçməsi hər birimizə sonsuz sevinc və fərəh gətirdi. Heydər Əliyev Xatirə Parkında təşkil edilən “Alov” festivalı möhtəşəm tarixi hadisə kimi hər bir lənkəranlının qəlbində dərin iz buraxmışdır. Lənkəranlılar hələ də bu möhtəşəm hadisənin təəssüratlarını yaşayırlar.
On illiklər ərzində yalnız ideya olaraq qalmış Avropa Oyunlarının ilk dəfə təşkil olunmasında, köhnə qitənin 50 ölkəsindən ən güclü atletlərin bir araya gətirilməsində və oyunların bütün beynəlxalq standartlara cavab verən yüksək təşkilatçılıq səviyyəsində keçirilməsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsinin yüksək təşkilatçılıq bacarığı, fədakar əməyi və yüksək vətənpərvərliyi xüsusi qeyd olunmalıdır. Bütün bu uğurlar bir daha sübut etdi ki, Vətənimiz Azərbaycan Heydər Əliyev siyasətinin nurunda düzgün yolla gedərək özünün xoşbəxt gələcəyinə doğru inamla addımlayır.
Sonra “2015-cü ilin 9  ayı ərzində Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və Azərbaycan Respublikasının  Prezidenti cənab  İlham Əliyevin Nazirlər  Kabinetinin  cari ilin  doqquz ayının yekunlarına həsr olunmuş iclasındakı  çıxışından irəli gələn vəzifələr barədə” hesabat məruzəsi dinlənildi. Bildirildi ki, son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Lənkərana davamlı diqqəti və qayğısı nəticəsində rayonun sosial-iqtisadi və mədəni həyatında inkişaf davam etmiş, şəhərdə və bütövlükdə rayon ərazisində genişmiqyaslı abadlıq və quruculuq işləri həyata keçirilmiş, iri həcmli layihələrin icrası təmin olunmuş, yeni layihələrin icrasına başlanılmışdır.
Cari ilin aprel ayının 11-də cənab Prezident İlham Əliyevin Lənkəran şəhərinə növbəti səfəri, bu səfər zamanı yeni obyektlərin açılışında iştirakı hər bir lənkəranlıya böyük sevinc və böyük fərəh bəxş etmişdir. Bu səfər bir daha sübut etdi ki, Lənkəranın uğurlu gələcəyi  ölkə başçısının daim diqqət mərkəzindədir.
Cənab Prezidentin Mədəniyyət Mərkəzində şəhər ictimaiyyəti qarşısında çıxış edərkən görülən işlərə verdiyi yüksək qiymət bütün lənkəranlıların fədakar əməyinə verilən qiymət oldu. Bu qayğıya görə hər bir lənkəranlı möhtərəm cənab Prezidentə minnətdardır.
2015-ci  ilin  9 ayında  rayonda ümumi məhsul buraxılışı 280.9 milyon  manat  təşkil  etmişdir. Sənayedə 16.7 milyon  manatlıq  və  ya  ötən  ilin  müvafiq  dövrünə  nisbətən 7.9  faiz çox məhsul  istehsal  olunmuşdur. Sənayenin  qeyri-dövlət  sektorunda  istehsalın  həcmi 7.3 faiz  artmış  və  ümumi  həcmdə  onun  xüsusi  çəkisi 66.5 faiz  təşkil  etmişdir.
Cari  ilin  9 ayında   rayonda  ümumilikdə 2044 yeni  iş  yeri açılmışdır, onlardan  1601-i  daimi  iş yerləridir.
Məruzədə rayonun nəqliyyat, telekommunikasiya və poçt sahələrində görülmüş işlər barədə ətraflı məlumat verildi, aqrar sahədə həyata keçirilən tədbirlərdən danışıldı, sahibkarlığın inkişafından bəhs edildi.
Daha sonra bildirildi ki, 2015-ci il cənab Prezident İlham Əliyev tərəfindən “Kənd təsərrüfatı  ili” elan edilmişdir. Bununla əlaqədar sahibkarlar və fermerlərlə söhbətlər aparılmış və onlara ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı dövlətin qarşıya qoyduğu vəzifələrin icrasında yaxından iştirak etmək, ekoloji təmiz məhsulların istehsalı üçün əkin sahələrindən səmərəli istifadə etmək və məhsuldarlığın artırılmasına nail olmaqla bağlı  tövsiyə və məsləhətlər verilmişdir. Bununla əlaqədar  rayonda yeni “Gilan arqo-sitrus” təsərrüfatı yaradılmışdır. Yeni sitrus təsərrüfatının ümumi sahəsi 45 hektardır, hazırda 15 hektar ərazidə “Gilan Agro” şirkəti tərəfindən Cənubi Koreyadan gətirilən “Hallabong” sitrus meyvəsinin ağacları əkilmişdir. Gələcəkdə təsərrüfat daha da genişləndirilərək 500 hektara yaxın ərazini əhatə edəcəkdir. O, cümlədən dağətəyi ərazilərdə terras əkin üsulu ilə sitrus plantasiyaları salınacaqdır. Bu işlərin nəticəsində istifadəsiz qalmış torpaqlar yenidən kənd təsərrüfatı təyinatı üzrə dövriyyəyə qatılacaq və bu da əlavə 2 min daimi iş yerinin yaranmasına imkan verəcəkdir.
Ümumilikdə rayon ərazisində 566 hektar çay sahəsi mövcuddur ki, bunun da 454.4 hektarı  fermerlər və sahibkarlar tərəfindən yeni salınmış çay sahələridir. Bundan başqa 14 hektarda yeni meyvə bağları salınmış, 20 hektarda bərpa işləri aparılmışdır.
Cari ildə rayonda 108 hektar sahədə çəltik əkini keçirilmiş və 315 ton məhsul toplanmışdır.
Məruzədə qeyd edildi ki, ölkə başçısının müvafiq Sərəncamına əsasən Lənkəran şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər çərçivəsində Lənkəran şəhərinin daxili avtomobil yollarının əsaslı təmir işlərinin davam etdirilməsi məqsədilə ayrılmış 4 milyon manat vəsaitə uyğun olaraq şəhərin 13 küçəsində ümumilikdə 11 km uzunluğunda asfaltlaşma işləri aparılmışdır. Həmçinin həmin vəsait daxilində şəhərin küçə, bağ və parklarında 585 kv/metr hasar hörülmüş, 2600 kv/m tamet, 4200 p/m bardür düzülmüş, divarlar və darvazalara 6600 kv/metr suvaq, 74050 kv/metr rəng, 8200 kv/m ağ lay vurulmuş, 45000 ədəd gül kolu, 600 ədəd dekorativ və 1200 ədəd müxtəlif növ  ağaclar əkilmişdir.
Şəhərdə yerləşən 4 çoxmərtəbəli yaşayış binasının dam örtüyü əsaslı təmir olunmuş, 9 binanın fasadı yenilənmiş, 5 çoxmərtəbəli binaya vurulmuş üzlüklər dəyişdirilmiş, onlar müasir üslubda rənglənmişdir.  Bu ilin 9 ayı ərzində şəhər İcra hakimiyyəti tərəfindən Dövlət vəsaiti və daxili imkanlar hesabına 3424 kv/metr  şəhərdaxili küçələrin sıradan çıxmış hissələrində cari təmir işləri aparılmışdır.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ayrılmış 5 milyon 602 min manat vəsaitə uyğun olaraq on min nəfər əhalinin yaşadığı üç yaşayış məntəqəsini birləşdirən 18.8 km-lik Liman-Nərimanabad-Balıqçılar avtomobil yolu yüksək səviyyədə tikilib  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin digər Sərəncamı ilə ayrılmış 3.2 milyon vəsait hesabına 12.9 min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən 11.2 km uzunluğunda Aşağı Nüvədi-Kənarmeşə-Şürük avtomobil yolu əsaslı təmir olunub asfaltlanmışdır.
Kənd investisiya layihəsi çərçivəsində rayonun Şağlaser 3,6 km, Pambahi 3,5 km, Zövlə 3,8 km, Tatoba 3,5 km, Sinovli 3,6 km, Moloja 3,0 km, Vilvan 3,8 km, Səpnəkəran 4,1 km, Digah 3,3 km, Kənarmeşə 4,0 km, Günəhir 3,2 km, Türkəkəran 3,9 km, Şiləvar 3,5 km, Tütəpeştə 3,8 km, Veravul 4,1 km, Separadi 3,3 km, Şağlaküçə 3,8 km , Osaküçə 3,6 km, Xolmili 4,0 km, Diryan 4,4 km, Türkəncil 3,8 km,  Bəlləbür  3,9 km, Bəliton və Horavenc kəndlərində 8 km uzunluqda  kəndara yolları təmir edilmiş, çınqıl döşənərək hamarlanmışdır. 
Əhaliyə  əmək  pensiyalarının, sosial müavinətlərin, aztəminatlı  ailələrə  ünvanlı  dövlət  sosial  yardımlarının  vaxtında  verilməsi  şəhər  İcra  hakimiyyətinin  diqqət  mərkəzində olmuşdur.
Əhalinin normal elektrik enerjisi və təbii qazla təchiz olunması, şəhərin içməli su və kanalizasiya sisteminin yenidən qurulması  və  digər kommunal xidmətlərin həcminin və keyfiyyətinin yüksəldilməsi sahəsində tədbirlər həyata keçirilmişdir.
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının sərəncamına uyğun olaraq və “İDEA” İctimai Birliyinin təşəbbüsünə qoşularaq 2015-ci il  mart ayının 1-dən 31-dək rayonda keçirilmiş yaşıllaşdırma aylığında rayonun bütün yaşayış məntəqələrində, idarə və təşkilatların ərazilərində, o cümlədən,  Göyşaban, Sütəmurdov, Gərmətük, Şürük yaşayış məntəqələrində, Hava Limanı ərazisində və Bakı-Astara magistral yolunda eldar şamı, küknar, dəmirağacı, akasiya və xan çinar ağacları əkilmişdir. Ümumilikdə rayon ərazisində 38874 ədəd ağac əkilmişdir.
42 saylı Yol İstismar İdarəsi tərəfindən idarənin balansında olan avtomobil yollarında cari təmir işləri aparılmışdır. Rayonun Aşağı Nüvədi qəsəbəsində 1 ədəd və Vilvan kəndində 1 ədəd, ümumilikdə 2 ədəd dəmir-beton konstruksiyalı körpü inşa edilmiş, Boladi, Veravul kəndlərində isə 2 ədəd körpü əsaslı təmir edilmişdir. 
Məruzədə daha sonra rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrində görülmüş işlər barədə ətraflı məlumat verildi, əhaliyə göstərilən turizm xidmətinin müasir tələblər səviyyəsində qurulması sahəsində həyata keçirilən tədbirlərdən, rayonda gənclər siyasətinin uğurla davam etdirilməsindən, rayonun hüquq-mühafizə orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, ictimai asayişin mühafizəsi və ictimai təhlükəsizliyin təmin olunması sahəsində ardıcıl işlərin görülməsindən bəhs edildi.
Məruzənin sonunda bildirildi ki, cari  ilin  birinci yarımilində şəhər  İcra  hakimiyyəti  başçısı  yanında Şuranın 19 iclası keçirilmişdir. İclaslarda  28 məsələ  müzakirə  olunaraq  müvafiq  qərarlar  qəbul  edilmişdir.
9 ayda  şəhər İcra hakimiyyəti başçısı tərəfindən 820 vətəndaş qəbul edilmişdir. Həmin dövrdə şəhər İcra hakimiyyəti başçısı tərəfindən  ayrı-ayrı yaşayış yerlərində 34 səyyar qəbul-görüş keçirilmiş və bu görüşlərdə 9880 nəfər iştirak etmiş, 246 vətəndaşın müraciəti  dinlənilmiş və onlar tərəfindən  254 məsələ qaldırılmışdır.
Cari  ilin  9 ayı ərzində vətəndaşların  müraciətlərinə  əsasən  şəhər  İcra  hakimiyyəti  tərəfindən  əhaliyə 65 min  manatlıq  ərzaq    və  maddi  yardımlar  verilmişdir.
Qarşıdakı dövrdə rayonda turizmin daha da inkişaf etdirilməsi üçün tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. Hazırda yeni Olimpiya İdman Kompleksinin və 11 mərtəbəli 5 ulduzlu otel kompleksinin tikintisi davam etdirilir. Həmçinin ölkə başçısının Sərəncamı ilə abadlıq-quruculuq işlərinin aparılması məqsədi ilə  ayrılmış 4 milyon manat vəsaitə uyğun olaraq şəhərdə abadlıq və quruculuq işləri davam etdirilir. Bundan əlavə, şəhərdə izafi suların axdığı kanal və arxların təmizlənməsi, qəsəbə və kəndlərin, yeni yaşayış məhəllələrinin daxili yollarının təmiri, elektrik transformatorlarının, dirəklərinin, naqillərin yenisi ilə əvəzlənməsi işləri görüləcəkdir.
Aqrar sahədə işlərin sürətləndirilməsi, əkin sahələrinin  genişləndirilməsi, çayçılığın inkişafına diqqətin artırılması, sahibkarlığın  daha  da  inkişaf  etdirilməsi, yeni  istehsal  obyektlərinin  yaradılması  və yeni iş  yerlərinin  açılması  nəzərdə  tutulmuşdur.
Məruzə ətrafında şəhər Maliyyə idarəsinin rəisi İqbal Rəcəbov, şəhər Təhsil şöbəsinin müdiri Şəhanə Əhmədova, Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Ağabala Kəlbiyev, Elektrik Şəbəkəsinin rəisi Şaiq Qəribov, Lənkəran Qaz istismar sahəsinin rəisi Anar Rzayev və Yuxarı Xanbulançay Hidroqovşağı İstismar İdarəsinin rəisi Allahyar Salayev çıxış edərək cari ilin 9 ayında görülən işlər və qarşıda duran vəzifələrlə bağlı məlumat verdilər.
İclası yekunlaşdıran Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov 2015-ci ilin 9 ayında rayonumuzun sosial-iqtisadi inkişafı sahəsində qazanılmış nailiyyətlərdən ətraflı danışaraq qeyd etdi ki, görülmüş işlərlə kifayətlənməməli, uğurların sayını artırmalı, bütün imkanlarımızı səfərbər etməliyik. Payız-qış mövsümünü nümunəvi keçirmək üçün müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlarını verən İcra başçısı, eyni zamanda, Lənkəran şəhərində, rayonun qəsəbə və kəndlərində səliqə-sahman işlərinin daim diqqət mərkəzində saxlanılmasının vacibliyini diqqətə çatdırdı, noyabrın 1-dən keçiriləcək yaşıllaşdırma və ağacəkmə aylığının mütəşəkkil yerinə yetirilməsi üçün tövsiyələrini bildirdi. Vətəndaşların müraciətlərinə və qəbuluna həssas və operativ yanaşılmasının vacibliyini vurğulayan Taleh Qaraşov bu sahədə mövcud nöqsanları aradan qaldırmaq üçün idarə, müəssisə və təşkilat rəhbərlərinə konkret tapşırıqlarını verdi.
Şura iclasında müzakirə olunan məsələ ilə əlaqədar qərar qəbul edildi.

Keçidlər