LƏNKƏRANDA PROKURORLUQ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI QEYD OLUNUB
“1 Oktyabr – Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü” Lənkəranda da təntənə ilə qeyd edildi. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, prokurorluq işçiləri ilk əvvəl şəhərimizin mərkəzində yerləşən Heydər Əliyev Xatirə parkına gələrək Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib önünə təzə-tər gül dəstələri düzdülər.
Daha sonra tədbir Lənkəran Rayon Prokurorluğunda davam etdirildi.Yığıncağı giriş sözü ilə açan Lənkəran rayon prokuroru Natiq Abdullayev çıxışında prokurorluğun əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edərək bildirdi ki, Azərbaycanda prokurorluq orqanlarının yarandığı gündən 94 il ötür. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikasının Prokurorluğu sinfi mənafelərə xidmət edən orqandan qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunmasına, cinayətkarlıqla mübarizəyə, qanunçuluğun və hüquq qaydasının qorunmasına xidmət edən orqana çevrilməklə sivil və demokratik inkişaf yolu keçib.
Prokuror Natiq Abdullayev qeyd etdi ki, Heydər Əliyev prokurorluq orqanlarına həmişə diqqət və qayğı ilə yanaşıb. Onların sosial və maddi vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görüb. Məhz Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə hər il oktyabrın 1-i respublikamızda prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd olunur. O, həmçinin əlavə edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət başçısı kimi fəaliyyəti dövründə bütün hüquq-mühafizə, ədliyyə, məhkəmə və xüsusi xidmət orqanları, o cümlədən prokurorluq öz inkişaflarının məzmunca və keyfiyyətcə tamamilə yeni mərhələsinə qədəm qoymuş, hərtərəfli dövlət qayğısı ilə əhatə olunan həmin təsisatların işinin müasirləşdirilməsi istiqamətində çox mühüm addımlar atılmışdır.
Daha sonra Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovun prokurorluq işçilərinə ünvanladığı təbrik məktubu oxundu.
Tədbirdə çıxış edən natiqlər prokurorluğun əməkdaşlarını bayram münasibətilə təbrik edərək bildirdilər ki, ölkə başçısı İlham Əliyev də prokurorluq işçilərinin fəaliyyətini daim diqqətdə saxlayır. 2008-ci ildə prokurorluq orqanlarının iş fəaliyyətinin müasirləşdirilməsi barədə qəbul edilmiş dövlət proqramı buna əyani sübutdur.
Sonda prokurorluq işçilərinə mükafatlar təqdim edilib.