BEYNƏLXALQ AHILLAR GÜNÜ QEYD EDİLDİ
Lənkəran şəhər Veteranlar klubunda 1 oktyabr Beynəlxalq Ahıllar günü təntənə ilə qeyd edildi. Uzun illər təsərrüfatda işləyib saç ağardan, əlinin zəhmətilə şöhrət qazanan, arxa cəbhə və müharibə iştirakçıları bir-birini təbrik edir, ürək sözlərini deyirdilər.
Lənkəran Şəhər İcra Hakimiyyətində informasiya və təhlil sektorunun müdiri Əlimərdan Əliyev rayonumuzun ahıl insanlarına Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı cənab Taleh Qaraşovun təbriklərini çatdırdı.
Rayon Ağsaqqallar Şurasının sədri Kamal Kələntərli, dilşünas alim, Prezident təqaüdçüsü Mirhaşım Talışlı, Lənkəran rayon Əhalinin Sosial-Müdafiə mərkəzinin müdiri Rafael Tahirov, “Qızıl Aypara” Cəmiyyətinin sədri Füzuli Həsənov və başqaları çıxışlarında rayonun bütün ahıl insanlarına xoş arzularını bildirdilər. Qeyd olundu ki, ahıl insanlara hər yerdə hörmət edilir, onların yaşayış tərzini yaxşılaşdırmaq üçün başqa yerlərdə olduğu kimi bizim ölkədə də mütərəqqi işlər görülür. Təsadüfi deyil ki, Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi hələ 1992-ci ildə Ahıllar Günü ilə əlaqədar qərar qəbul etmişdir.
Tədbirdə rayonun incəsənət ustalarının ifasında səslənən şux mahnılar hamıya xoş ovqat bəxş etdi.
Sonda məclis iştirakçılarına hədiyyələr təqdim edildi.