LƏNKƏRANDA QURBAN BAYRAMI TƏNTƏNƏ İLƏ QEYD EDİLDİ
Müqəddəs Qurban bayramı ölkəmizin hər yerində olduğu kimi, Lənkəranda da təntənə ilə qeyd edildi.
Sentyabrın 24-də bayram münasibətilə şəhərin, qəsəbə və kəndlərin bütün məscidlərində bayram namazları qılındı, qurbanlıq qoyunlar kəsilərək şəhid ailələrinə, Əfqanıstan və Qarabağ müharibəsi veteranlarına, Çernobl əlillərinə, qaçqın və məcburi köçkünlərə, eləcə də aztəminatlı ailələrə paylandı.
Mərasimlərdə respublikamızın tərəqqisi, xalqımızın xoş rifah halının daha da yaxşılaşması, milli həmrəyliyin və əmin-amanlığın möhkəmlənməsi naminə, Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda şəhid olmuş insanların ruhuna dualar oxundu, milli-mənəvi dəyərlərin qorunmasının vacibliyi qeyd edildi.
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının I müavini İlqar Dadaşov, İcra hakimiyyətinin rəsmiləri, KİV nümayəndələri Böyük Bazar, Kiçik Bazar və Qalayçılar məscidlərində keçirilən mərasimlərdə iştirak etdilər. İ.Dadaşov mərasim iştirakçılarını və rayon sakinlərini bayram münasibətilə təbrik edərək onlara ən xoş arzularını çatdırdı.
Bayram münasibətilə 5 minə yaxın ailə Qurban payı ilə sevindirildi.