LƏNKƏRANDA MÜƏLLİMLƏRİN ƏNƏNƏVİ SENTYABR KONFRANSI KEÇİRİLDİ
Sentyabrın 3-də Heydər Əliyev Mərkəzində müəllimlərin ənənəvi sentyabr konfransı keçirildi.
Əvvəlcə konfrans iştirakçıları Heydər Əliyev Xatirə parkına gələrək Ulu Öndərin abidəsini ziyarət etdilər, abidənin önünə gül dəstələri qoydular.
Konfransı giriş sözü ilə Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Şəhanə Əhmədova açdıqdan sonra “2014-2015-ci tədris ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr” mövzusunda məruzə etdi. Ş.Əhmədova təlim-tərbiyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülmüş işlərdən danışaraq qeyd etdi ki, zəngin maddi-texniki baza olmadan gənc nəslin təlim-tərbiyəsində uğurlar qazanmaq mümkün deyil. Bu reallıq nəzərə alınaraq son illər həmin istiqamətdə misli-bərabəri olmayan işlər görülmüşdür. Son 12 ildə Lənkəranda 36 məktəb binası, 4 məktəb üçün əlavə korpus tikilmiş, 4 məktəb ən yüksək standartlar səviyyəsində təmir edilərək istifadəyə verilmişdir. Təkcə keçən il şəhər 2 nömrəli tam orta məktəbinin binası əsaslı təmir olunmuş, 10 məktəb üçün – şəhər 8 nömrəli, Bəliton, Yuxarı Nüvədi, Xanbulan, Separadi, Tükəvilə kənd tam orta, Daşdalığjar, Tütəpeştə, Qurumba və Şağlaser kənd ümumi orta məktəbləri üçün binalar tikilərək dərs ilinin əvvəlində istifadəyə verilmişdir. Darquba kənd tam orta məktəbi üçün inşa edilmiş 180 şagird yerlik yeni bina Bilik günündə istifadəyə veriləcəkdir. Həmin təhsil müəssisələri müasir inventar və avadanlıqlarla, kompüter texnologiyaları ilə təmin olunmuşdur. Yay dövründə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qayğısı, yerli icra və bələdiyyə orqanlarının, pedaqoji kollektivlərin və ayrı-ayrı iş adamlarının köməyi ilə rayonun bütün təhsil müəssisələrində cari təmir işləri aparılmış, payız-qış mövsümünə hazırlıq tədbirləri həyata keçirilmişdir.
Məruzəçi bu il ali məktəblərə növbəti qəbul imtahanlarının nəticələri haqqında məlumat verərək bildirdi ki, keçən tədris ilində məktəblərimizi bitirən 1869 nəfər məzundan 910 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənədlərini SQK-lara təqdim etmişdir. Onlardan 403 nəfəri, əvvəlki illərin məzunları ilə birlikdə 436 nəfəri ali məktəblərə qəbul olunmuşdur. Qəbul olunanlardan 51 nəfəri 500-dən yuxarı, 25 nəfəri 600-dən yuxarı bal toplamışdır. Şəhər 10 nömrəli tam orta məktəbin qızıl medallı məzunu Lalə Cəfərli ən yüksək nəticə göstərərək 690 balla Tibb Universitetinin müalicə işi fakültəsinə daxil olmuşdur.
Məruzə ətrafında müzakirələrdə şəhər Xarici dillər təmayüllü gimnaziyanın direktoru, Əməkdar müəllim Mənsur Ağayev, 690 balla Tibb Universitetinin müalicə işi fakültəsinə daxil olan şəhər 10 nömrəli tam orta məktəbin məzunu Lalə Cəfərli, valideynlər adından Rasim Bağırzadə çıxış etdilər.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin məsul işçisi Mirbaba Babayev çıxış edərək yeni dərs ilində qarşıda duran vəzifələrdən danışdı.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov dərs ilinin başlanması – Bilik günü münasibətilə bütün təhsil işçilərini təbrik etdi, yeni tədris ilində onlara uğurlar arzuladı.
Son 12 ildə ölkəmizdə qazanılan uğurlardan, Azərbaycanın beynəlxalq nüfuzunun gündən-günə artmasından, iqtisadiyyatımızın dinamik inkişafından, bütün sahələrdə əldə edilən nailiyyətlərdən, iqtisadi potensialın insan kapitalına çevrilməsindən söz açan İcra başçısı daha sonra milli təhsilimizin formalaşdırılması istiqamətində son illərdə həyata keçirilən islahatlardan və struktur dəyişikliklərindən danışdı. Məktəblərimizin maddi-texniki bazasının ildən-ilə möhkəmləndirilməsindən bəhs edən Taleh Qaraşov Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb!” layihəsinin uğurla icra edilməsindən, son 3 ildə Lənkəranın ictimai-siyasi həyatında baş verən dəyişikliklərdən, o cümlədən yeni məktəblərin tikintisinin geniş vüsət almasından, möhtərəm Prezident İlham Əliyevin sərəncamlarından irəli gələn vəzifələrin Lənkəranda uğurla icra edilməsindən, rayonumuzun ictimai-siyasi həyatında müəllimlərin və ziyalıların rolundan ətraflı söz açdı, təhsil işçilərinin qarşısında duran mühüm vəzifələri diqqətə çatdırdı.
Bu il 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olunan 25 nəfər məzuna qiymətli hədiyyələr təqdim edildi.
Keçən il möhtərəm Prezident İlham Əliyevin Sərəncamı ilə keçirilən “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi diplomları şəhər 4 nömrəli məktəb-liseyin müəllimi Gülzar Əliyevaya və Vilvan kənd tam orta məktəbinin müəllimi İlhamə Rəhimovaya, “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi diplomu şəhər 4 nömrəli məktəb-liseyin direktoru Yeganə Əsgərovaya təqdim olundu.
Sonra qətnamə qəbul edildi.
Sonda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Müraciət ünvanlandı.