LƏNKƏRANDA YARIM İLİN YEKUNLARI MÜZAKİRƏ EDİLDİ
Avqustun 4-də Heydər Əliyev Mərkəzində Lənkəran ŞİH başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirildi.
İclasda “2015-ci ilin 6 ayı ərzində Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin cari ilin birinci yarısının yekunlarına həsr olunmuş iclasındakı çıxışından irəli gələn vəzifələr barədə” hesabat məruzəsi müzakirə edildi.
İclasa sədrlik edən Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov iyulun 13-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının giriş və yekun nitqlərindən irəli gələn mühüm məsələlərdən danışdı.
T.Qaraşov bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin cari ilin birinci yarımilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qeyd etmişdir ki, 2015-ci ilin birinci yarısında ölkəmizin sosial-iqtisadi inkişafı artan templə müsbət meyllərlə davam etmişdir. Ötən 6 ay ərzində makro-iqtisadi vəziyyət sabit olmuş, ölkə üzrə ümumi daxili məhsul 5.7 faiz, qeyri-neft sektoru 9.2 faiz artmış, kənd təsərrüfatında 7.3 faiz və sənaye istehsalında təxminən 4 faiz artım əldə olunmuş, qeyri-neft sektoru ümumilikdə 14 faizdən çox artmışdır. Ölkədə böyük tikinti layihələri icra olunmuş, çoxlu sayda istehsal və sosial obyektlər istifadəyə verilmiş, yeni iş yerləri açılmışdır. Hökumətin fəaliyyətində, həmişə olduğu kimi, sosial siyasət yenə öndə olmuş, nəticədə əhalinin yaşayış səviyyəsi xeyli yüksəlmiş, pul gəlirləri 6.2 faiz artmışdır. İnflyasiya 3.5 faiz olmuşdur. Birinci yarım ildə 48 mini daimi olmaqla 60 minə yaxın iş yeri açılmışdır. Bu müddətdə ölkə iqtisadiyyatına 12.7 milyard manat sərmayə qoyulmuşdur.
2015-cı ilin birinci yarımilində ölkə həyatında ən əlamətdar hadisə, sözsüz ki, Bakıda keçirilmiş birinci Avropa Oyunları olmuşdur. Müstəqillik tariximizin qürurverici səhifələrindən birinə, ölkə üzrə ümummilli həmrəyliyin göstəricisinə çevrilmiş bu möhtəşəm idman bayramı müstəqil Azərbaycanın gənc idmançılarının xalqımıza bəxş etdikləri hədsiz qələbə sevinclərini, onların fədakar mübarizəsini və gücünü nümayiş etdirməklə yanaşı, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimizin gündən-günə artan qüdrətini, böyük məsuliyyət və təşkilatçılıq tələb edən dünya səviyyəli mötəbər tədbirləri belə yüksək səviyyədə keçirməyə qadir olduğunu bir daha sübut etdi.
“Bakı – 2015” birinci Avropa Oyunlarının məşəl marafonunun Lənkəran şəhərindən keçməsi hər birimizə sonsuz sevinc və fərəh gətirdi. Heydər Əliyev Xatirə parkında təşkil edilən “Alov” festivalı möhtəşəm tarixi hadisə kimi hər bir lənkəranlının qəlbində dərin iz buraxmışdır. Lənkəranlılar hələ də bu möhtəşəm hadisənin təəssüratlarını yaşayırlar.
On illiklər ərzində yalnız ideya olaraq qalmış Avropa Oyunlarının ilk dəfə təşkil olunmasında, köhnə qitənin 50 ölkəsindən ən güclü atletlərin bir araya gətirilməsində və oyunların bütün beynəlxalq standartlara cavab verən yüksək təşkilatçılıq səviyyəsində keçirilməsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsinin peşəkar komanda işi, fədakar fəaliyyəti və yüksək vətənpərvərliyi xüsusi qeyd olunmalıdır. Bütün bu uğurlar bir daha sübut etdi ki, Vətənimiz Azərbaycan Heydər Əliyev siyasətinin nurunda düzgün yolla gedərək özünün xoşbət gələcəyinə doğru inamla addımlayır.
Son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Lənkərana davamlı diqqəti və qayğısı nəticəsində rayonun sosial-iqtisadi və mədəni inkişafı sahəsində əsaslı dönüş yaranmış, genişmiqyaslı abadlıq və quruculuq işləri həyata keçirilmiş, iri həcmli investisiya layihələri icra edilmiş və yeni layihələrin icrasına başlanılmışdır.
Cari ilin birinci yarımilinin ən yaddaqalan hadisəsi aprelin 11-də cənab Prezidentin Lənkəran şəhərinə növbəti səfəri, bu səfər zamanı yeni obyektlərin açılışında iştirakı oldu. Bu səfər bir daha sübut etdi ki, Lənkəranın uğurlu gələcəyi ölkə başçısının daim diqqət mərkəzindədir.
Cənab Prezident Mədəniyyət Mərkəzində şəhər ictimaiyyəti qarşısında çıxış edərkən görülən işlərə verdiyi yüksək qiymət bütün lənkəranlıların fədakar əməyinə verilən qiymət oldu. Bu qayğıya görə hər bir lənkəranlı möhtərəm cənab Prezidentə minnətdardır.
2015-ci ilin birinci yarımilində Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sürətlə davam etmişdir. Ötən 6 ay ərzində rayonda ümumi məhsul buraxılışı 136,6 milyon manat təşkil etmişdir. Sənayedə 10.9 milyon manatlıq və ya ötən ilin müvafiq dövrünə nisbətən 7.6 faiz çox məhsul istehsal olunmuşdur. Sənayenin qeyri-dövlət sektorunda istehsalın həcmi 7 faiz artmış və ümumi həcmdə onun xüsusi çəkisi 59.8 faiz təşkil etmişdir.
2015-ci ilin birinci yarımilində sənayedə işləyənlərin orta aylıq əmək haqqı 4,7 faiz artaraq 325 manata çatmışdır.
Məruzədə rayonun sənaye müəssələrində, aqrar sahədə görülmüş işlər barədə də ətraflı məlumat verildi. Bildirildi ki, 2015-ci il cənab Prezident İlham Əliyev tərəfindən “Kənd təsərrüfatı” ili elan edilmişdir. Bununla əlaqədar sahibkarlar və fermerlərlə söhbətlər aparılmış və onlara ərzaq təhlükəsizliyinin qorunması, ekoloji təmiz məhsulların istehsalı üçün əkin sahələrinin dövriyyəyə cəlb edilməsi və məhsuldarlığın artırılması ilə əlaqədar tövsiyələr verilmişdir. Bunun nəticəsidir ki, rayonda yeni “Gilan arqo-sitrus” təsərrüfatı yaradılmışdır. Yeni sitrus təsərrüfatının ümumi sahəsi 45 hektardır. Hazırda 15 hektar ərazidə “Gilan Agro” şirkəti tərəfindən Cənubi Koreyadan gətirilən “Hallabong” sitrus meyvəsinin ağacları əkilib. Gələcəkdə təsərrüfat genişləndirilərək 500 hektara yaxın ərazini əhatə edəcək. O cümlədən dağətəyi ərazilərdə terras əkin üsulu ilə sitrus plantasiyaları salınacaq. Aparılacaq işlərin nəticəsində istifadəsiz qalmış torpaqlar yenidən kənd təsərrüfatı dövriyyəsinə qatılacaq və bu, 2 min daimi iş yerinin yaranmasına imkan verəcəkdir.
Ümumilikdə rayon ərazisində fermerlər və sahibkarlar tərəfindən 384.6 hektar yeni çay sahələri, 14 hektar yeni meyvə bağları salınmışdır. 20 hektarda isə bərpa işləri aparılmışdır. Lənkəran Çay filialının təcrübə təsərrüfatında 2000 ədəd iki növ yeni sitrus bitkisi Cənubi Koreya Respublikasından gətirilmiş qidalı dibçəklərə əkilərək tinglik təsərrüfatı yaradılmışdır. 2015-ci ilin məhsulu üçün 5138 hektar sahədə tərəvəz əkilmişdir. Rayon ərazisində 107 hektar sahədə çəltik əkini keçirilmişdir.
Məruzədə daha sonra bildirildi ki, rayonda geniş abadlıq və quruculuq işləri aparılır. Rayon ərazisində küçə, bağ və parklarda 525 kv metr hasar hörülmüş, 3100 kv metr suvaq, divarlara 39950 kv metr rəng vurulmuş, 45000 ədəd gül kolu, 600 ədəd dekorativ və 1200 ədəd müxtəlif növ ağaclar əkilmişdir.
Şəhərdə yerləşən 4 çoxmərtəbəli yaşayış binasının dam örtüyü əsaslı təmir olunmuş, 9 binanın fasadı yenilənmiş, 5 çoxmərtəbəli binaya vurulmuş üzlüklər yanğına görə təhlükəsiz olmalarına baxmayaraq, təhlükəsizliyin tam təmin olunması üçün sökülmüş və həmin binalar müasir üslubda rənglənmişdir.
Cari ilin birinci yarımilində şəhər İcra hakimiyyəti tərəfindən dövlət vəsaiti və daxili imkanlar hesabına şəhərdaxili küçələrdə yolların sıradan çıxmış hissələrində 111021 kvadrat/metr əsaslı təmir işləri aparılmış və asfalt döşənmişdir.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ayrılmış 5 milyon 602 min manat vəsaitə uyğun olaraq on min nəfər əhalinin yaşadığı üç yaşayış məntəqəsini birləşdirən 18.8 km-lik Liman-Nərimanabad-Balıqçılar avtomobil yolu yüksək səviyyədə tikilib Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilmişdir. Hazırda Aşagı Nüvədi-Kənarmeşə-Şürük yolunun yenidən qurulması işlərinə başlanılmışdır. Rayon ərazisində 4 ədəd dəmir-beton konstruksiyalı avtomobil körpüsü quraşdırılmış, 2 ədəd körpü əsaslı təmir olunmuşdur.
Məruzədə həmçinin birinci yarımildə rayonda aparılan tikinti-quraşdırma işlərindən, əhaliyə əmək pensiyalarının, sosial müavinətlərin, aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımlarının vaxtında verilməsindən, cari ilin altı ayında rayonda ümumilikdə 1338 yeni iş yerinin açılmasından, onlardan 1045-nin daimi iş yerləri olmasından, əhalinin normal elektrik enerjisi və təbii qazla təchiz olunması, şəhərin içməli su və kanalizasiya sisteminin yenidən qurulması və digər kommunal xidmətlərin həcminin və keyfiyyətinin yüksəldilməsi sahəsində keçirilən tədbirlərdən də danışıldı.
Daha sonra qeyd edildi ki, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Sərəncamı ilə 2015-ci il mart ayının 1-dən 31-dək rayonda keçirilmiş yaşıllaşdırma aylığında rayonun bütün yaşayış məntəqələrində, idarə və təşkilatların ərazilərində, o cümlədən, Göyşaban, Sütəmurdov, Gərmətük, Şürük yaşayış məntəqələrində, Hava Limanı ərazisində və Bakı-Astara magistral yolunda eldar şamı, küknar, dəmirağacı, akasiya və xan çinar ağacları əkilmişdir. Ümumilikdə rayon ərazisində 38874 ədəd ağac əkilmişdir.
42 saylı Yol İstismar İdarəsi tərəfindən idarənin balansında olan avtomobil yollarında cari təmir işləri aparılmışdır. Rayonun Aşağı Nüvədi qəsəbəsində 3 ədəd və Vilvan kəndində 1 ədəd, ümumilikdə 4 ədəd dəmir-beton konstruksiyalı körpü inşa edilmiş, 2 ədəd körpü əsaslı təmir edilmişdir.
Məruzədə eyni zamanda bu ilin birinci yarımilində rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrində görülmüş işlər, gənclər siyasətinin uğurla davam etdirilməsi, hüquq-mühafizə orqanları tərəfindən cinayətkarlara qarşı mübarizə, ictimai asayişin mühafizəsi və ictimai təhlükəsizliyin təmin olunması sahəsində görülən işlər barədə məlumat verildi.
Məruzənin sonunda bildirildi ki, qarşıdakı dövrdə rayonda turizmin daha da inkişaf etdirilməsi üçün tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. Hazırda yeni Olimpiya İdman Kompleksinin və 11 mərtəbəli 5 ulduzlu otel kompleksinin tikintisi davam etdirilir. Qarşıdakı dövrdə 12.9 min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən 11.2 km uzunluğunda Aşağı Nüvədi-Kənarmeşə-Şürük avtomobil yolunun əsaslı təmiri (bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 3.2 milyon vəsait ayrılmışdır), həmçinin ölkə başçısının Sərəncamı ilə şəhərin abadlıq-quruculuq işlərinin aparılması məqsədi ilə ayrılmış 4 milyon manat vəsaitə uyğun olaraq şəhərin Vidadi, Füzuli, Nəsirli, Şəhidlər Xiyabanı və M.M.Axund küçələrində yolların asfaltlanması başa çatdırılmış, mövcud hasarların bərpası, əlavə hasarların tikilməsi və ağ layla üzlənməsi, yeni bardürlərin quraşdırılması, tametlərin düzülməsi, darvazaların rənglənməsi, yol boyu müasir işıq dirəklərinin quraşdırılması işləri davam etdirilir. Eyni zamanda, investisiya vəsaiti hesabına yeni 110 yerlik uşaq bağçasının tikilməsi də nəzərdə tutulmuşdur. Bundan əlavə, şəhərdə izafi suların axdığı kanal və arxların təmizlənməsi, qəsəbə və kəndlərin, yeni yaşayış məhəllələrinin daxili yollarının təmiri, elektrik transformatorlarının, dirəklərinin, naqillərin yenisi ilə əvəzlənməsi işləri görüləcəkdir.
Aqrar sahədə işlərin sürətləndirilməsi, əkin sahələrinin genişləndirilməsi, çayçılığın inkişafına diqqətin artırılması, sahibkarlığın daha da inkişaf etdirilməsi, yeni istehsal obyektlərinin yaradılması və yeni iş yerlərinin açılması nəzərdə tutulmuşdur.
Məruzə ətrafında müzakirələrdə şəhər Maliyyə idarəsinin rəisi İqbal Rəcəbov, şəhər Təhsil şöbəsinin müdiri Şəhanə Əhmədova, Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Ağabala Kəlbiyev, şəhər Gənclər və idman idarəsinin rəisi Yalçın Əhmədov, Lənkəran elektrik şəbəkəsinin rəisi Şaiq Qəribov, Lənkəran qaz-istismar sahəsinin rəisi Anar Rzayev çıxış edərək cari ilin 6 ayında görülən işlər və qarşıda duran vəzifələrlə bağlı çıxış etdilər.
İcra başçısı Taleh Qaraşov Şura iclasını yekunlaşdıraraq ikinci yarımildə qarşıda duran vəzifələri uğurla icra etməkdən, mövcud çatışmazlıqları və nöqsanları aradan qaldırmaqdan ötrü rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinə konkret tapşırıqlarını verdi.
Şura iclasında müzakirə olunan məsələ ilə əlaqədar qərar qəbul edildi.