Şəhid zabit İqbal Əhmədovun anım tədbiri
Lənkəran şəhərində Heydər Əliyev Mərkəzində Milli Ordunun şəhid zabiti Əhmədov İqbal Sərraf oğlunun anadan olmasının 35 illiyi münasibətilə anım mərasimi keçirilmişdir. Mərasimdən əvvəl şəhidin məzarı ziyarət edilmiş, məzar önünə gül-çiçək dəstələri düzülmüş və din xadimi tərəfindən ruhuna dualar oxunmuşdur.
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlimərdan Əliyev anım mərasimini açaraq Vətən torpaqlarının müdafiəsi uğrunda şəhid olmuş əsgər və zabitlərin xatirəsinin daim əziz tutulduğunu, onların döyüş xidmətlərinin xalqımız və dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini, bu xidmətlərin gənc əsgərlərə nümunə olduğunu söyləmişdir. Natiq qeyd etmişdir ki, erməni silahlı quldur dəstələri havadarlarının əli ilə demək olar ki, hər gün atəşkəs rejimini pozur, cəbhə boyu kəndləri, həmin ərazilərdə yaşayan dinc sakinləri, hətta uşaqları belə iri çaplı silahlardan atəşə tutur, yanğınlar törədirlər. Cənab Prezident İlham Əliyevin gündəlik qayğısı ilə inkişaf edib güclənən Milli Ordumuzun qəhrəman əsgərləri qətiyyətli cavabları ilə yağı düşməni susdurur, ona ağır zərbələr vururlar. Belə atışmaların birində baş leytenant İqbal Əhmədov qəhrəmanlıqla vuruşaraq şəhid olmuş və ölümündən sonra Azərbaycan Respublikası Müdafiə Nazirinin əmri ilə “Vətənə xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunmuşdur. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının tapşırığı ilə bütün şəhid ailələri kimi İqbal Əhmədovun ailəsinə də lazımi qayğı göstərilir, ailə ilə daim əlaqə saxlanılır, problemlərinə diqqət yetirilir.
Mərasimdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin idarə rəisinin müavini Abdulla Qurbani, Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, Lənkəran ŞİH başçısının müavini İlkin Rəhimov, Aşağı Nüvədi qəsəbə orta məktəbinin müəllimi Hökümülla Əhmədov çıxış edib ölkədə aparılan ordu quruculuğundan, şəhid ailələrinə göstərilən qayğıdan danışmış, şəhidin doğmalarına təskinlik veriblər.
Lənkəran Dövlət Dram Teatrının aktyoru, xalq artisti Qabil Quliyev şəhidlərə həsr olunmuş “Unutmayın” şerini ifa etmişdir.
Mərasimin sonunda Müdafiə Nazirliyinin idarə rəisinin müavini Abdulla Qurbani şəhid zabit İqbal Əhmədovun layiq görüldüyü “Vətənə xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı şəhidin oğluna təqdim etmişdir.