Lənkəranda “Narkomaniyaya və zərərli vərdişlərə yox deyək” mövzusunda tədbir keçirildi
İyunun 25-də Heydər Əliyev Mərkəzində Lənkəran Şəhər İcra Hakimiyyəti və şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Narkomaniyaya və zərərli vərdişlərə yox deyək” mövzusunda tədbir keçirildi. Konfransda rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, ümumtəhsil məktəblərinin direktorları, yuxarı sinif şagirdləri, tələbə və müəllimlər iştirak edirdilər.
Gənc nəsildə narkomanlıq və zərərli vərdişlər haqqında düzgün təsəvvürlərin yaradılması, müasir cəmiyyətdə sağlam düşüncəli gənclərin formalaşdırılması məqsədilə keçirilən tədbir mövzuya həsr olunmuş sərgiyə baxışla başladı.
Ardınca akt zalında davam edən tədbirdə iştirakçılara narkotik vasitələr, onların insan orqanizmində yaratdığı ölümcül xəstəliklər haqqında video-çarx nümayiş olundu.
Sonra tədbiri giriş sözü ilə açan Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov narkomaniyanın insanlara, xüsusilə gənc nəslə vurduğu zərərdən danışdı. Qeyd olundu ki, dünyada, eləcə də respublikamızda narkomaniya ilə mübarizə sahəsində xeyli işlərin görülməsinə baxmayaraq, hələ də bu sahədə problemlər mövcuddur. İcra başçısı narkomaniya ilə mübarizə sahəsində görülən işlərdən və keçirilən tədbirlərdən söhbət açaraq qeyd etdi ki, bu işdə təkcə dövlət strukturları deyil, cəmiyyətimiz də fəal iştirak etməlidir.
Daha sonra şəhər İcra hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Əliyeva, Lənkəran rayonlararası narkoloji xəstəxanasının baş həkimi Vüqar Əliyev, Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub regional şöbəsinin rəisi İzzət Əskərov və başqaları çıxış edərək bu ümumbəşəri bəlanın gələcək genefondumuza vura biləcəyi zərərdən və onunla mübarizə yolundan danışdılar. Bəşəriyyətin faciəsinə çevrilmiş narkomaniya ilə mübarizə tədbirlərinin səmərəliliyini artırmağın zəruriliyi vurğulandı.