LƏNKƏRANDA DÖVLƏT QULLUQÇULARININ PEŞƏ BAYRAMI QEYD OLUNDU
Lənkəranda 23 iyun dövlət qulluqçularının peşə bayramı qeyd edildi. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun rəhbərliyi ilə İcra aparatrının rəsmiləri, idarə, müəssisə və təşkilatlarda çalışan dövlət qulluqçuları Heydər Əliyev Xatirə parkına gəlib Ümummilli Liderin abidəsini ziyarət edərək abidə önünə gül-dəstələri qoyub çağdaş Azərbaycan dövlətçiliyinin banisinin xatirəsini ehtiramla yad etdilər.
Sonra şəhər İcra hakimiyyətinin akt zalında toplantı keçirildi. Toplantını giriş sözü ilə açan İcra başçısı Taleh Qaraşov bildirdi ki, Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılmasında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Ulu Öndərin təşəbbüsü və ümumxalq referendumu yolu ilə 1995-ci ildə qəbul olunmuş Konstitusiya ölkəmizdə dövlət idarəetmə sisteminin yeni əsaslar üzərində qurulmasına geniş imkanlar yaratmışdır. Ölkəmizdə Dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də qəbul edilən “Dövlət qulluğu haqqında” Qanunun qəbul edilməsi olmuşdur. Bu Qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulmuşdur . Hər bir dövlət qulluqçusu bilməlidir ki, dövlət qulluğunda olmaq, əslində dövlətin, cəmiyyətin, insanların xidmətində olmaq deməkdir. İcra başçısı bu günün bayram kimi qeyd olunmasını dövlət başçımız cənab Prezident İlham Əliyevin dövlət qulluqçularına, onların şərəfli əməyinə verdiyi layiqli qiymət kimi dəyərləndirdi və peşə bayramı münasibətilə dövlət qulluğunda çalışanları təbrik etdi.
Şəhər İcra hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlimərdan Əliyevin dövlət qulluqçularının peşə bayramı günü ilə bağlı məruzəsi dinlənildi. Məruzədə qeyd olundu ki, Prezident İlham Əliyevin 2005-ci il 19 yanvar tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradılıb, onun Əsasnaməsi təsdiq edilib. Dövlət qulluqçularının peşə bayramı Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilib.
Hazırda rayonun 59 təşkilatında 374 nəfər dövlət qulluqçusu çalışır. Dövlət qulluğunda çalışan insanların sosial təminatını yaxşılaşdırmaq məqsədilə tədbirlər görülür, onların maaşları və təqaüdləri artırılır, işdə fərqlənən dövlət qulluqçuları mükafatlandırılır, fəxri adlarla təltif olunurlar.
Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən uzun müddət dövlət qulluğunda çalışan Girdəni kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Şirin Əzizovanın “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunduğu qeyd edildi və dövlət qulluğunda fərlənən bir qrup dövlət qulluqçusuna ŞİH-nin Fəxri fərmanları və qiymətli hədiyyələr təqdim olundu.