RESPUBLİKA GÜNÜNDƏ LƏNKƏRANDA BAYRAM-BAYRAMA QOVUŞDU
28 May – Respublika günü Lənkəranda da təntənə ilə qeyd edildi.
Həmin gün Gənclər Mərkəzində bayram bayrama qovuşdu. İctimai xadim, rayon Ağsaqqallar Şurasının sədr müavini Sərhad Məmmədovun 80 illik yubileyinə İcra Aparatının rəsmiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, ictimaiyyət nümayəndələri toplaşmışdılar.
Tədbirin aparıcısı – Xalq artisti Qabil Quliyev yubilyar haqqında məlumat verərək bildirdi ki, ictimai xadim, el ağsaqqalı Sərhad Məmmədov mənalı, şərəfli, Vətənə, dövlətçiliyə həsr olunmuş bir vətəndaş ömrü yaşamışdır. O, 28 may 1935-ci il tarixdə Gərmətük qəsəbəsində dünyaya göz açmışdır. 1952-ci ildə doğma kəndində orta məktəbi, 1958-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun kənd təsərrüfartı şöbəsini bitirmiş, 1975-1978-ci illərdə Moskva Ali Partiya Məktəbində, 1989-1990-cı illərdə Moskva Kənd Təsərrüfatı Akademiyasında təhsilini davam etdirmişdir. Yüksək idarəetmə qabiliyyətinə malik olan S.Məmmədov müxtəlif vəzifələrdə çalışmış, el-obada hörmət qazanmış ziyalılardan biridir. Sərhad müəllim Lənkəran Rayon Xalq Nəzarəti Komitəsinin sədri, Lənkəran Rayon XDS İcraiyyə Komitəsinin sədri, Yardımlı Rayon Partiya Komitəsinin birinci katibi və s. vəzifələrdə işləmişdir.
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov tədbir iştirakçılarını Respublika günü münasibətilə təbrik etdi, ömrünün kamillik zirvəsinə yüksələn S.Məmmədovun yüksək insani keyfiyyətlərindən danışdı, yubilyara ŞİH-nin Fəxri fərmanını və qiymətli hədiyyələrini təqdim etdi.
Yardımlı Rayon Təhsil Şöbəsinin müdir müavini Vəli Nağıyev rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmovun Sərhad müəllimə ünvanladığı təbrik məktubunu oxudu, yubilyarın Yardımlının inkişafında oynadığı mühüm rolu tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Azərbaycan Milli Elmlər Akademiyası Lənkəran Regional Elm Mərkəzinin direktoru, professor Fərman Quliyev, Milli Qəhrəman atası Hacı Ələkbər Əliyev, Lənkəran rayon Ağsaqqallar Şurasının sədri Kamal Kələntərli S.Məmmədova təbriklərini, hədiyyələrini çatdırdılar.
Ziyafət stolu arxasında, yerli incəsənət ustalarının rəngarəng konsert proqramı ilə keçən bayram tədbiri hamıya xoş ovqat bəxş etdi.