Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Elçinin “Cəhənnəm sakinləri” tamaşası Lənkəran səhnəsində

26 may 2015 | 15:00

Mayın 26-da Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında xalq yazıçısı Elçinin “Cəhənnəm sakinləri” pyesinin motivləri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası keçirildi. Tamaşada ötən əsrdə Azərbaycan tarixinin qara səhifəsinə yazılmış 1937-ci il Stalin rejiminin dəhşətli və qorxulu repressiya dövrünün acı həqiqətlərindən bəhs olunur. Yaradıcı kollektiv həmin dövrün mürəkkəbliklərinə baxmayaraq, isti və normal münasibətlərini qoruyub saxlamış  azərbaycanlı ziyalı ailəsində ərlə-arvadın təzadlı tale yoluna güzgü tutmaqla, tamaşaçıları xeyirxahlığa, yaxşılığa, mərhəmətli olmağa səsləyir. Səhnə əsərində cərəyan edən dramatik hadisələr sanki reallıq və qeyri-reallıq arasında bir körpü yaradır. Tamaşanın sonunda isə personajları belə bir sual düşündürür:“Görəsən, biz də cəhənnəm sakinləriyikmi?!”
     Tamaşaçılar tərəfindən böyük maraqla qarşılanan səhnə əsərinin quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Sadıqovdur. Əsas rolları respublikanın xalq artisti Qabil Quliyev, əməkdar artist Adil Zeynalov, artistlərdən Əbülfəz Axundov, Qızılgül Quliyeva, Aynur Əhmədova və Tərlan Abdullayev ifa ediblər.
Qeyd edək ki, tamaşanı izləyənlər arasında rayonun teatr ictimaiyyəti ilə yanaşı, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və aparat üzvləri, Bakı teatrlarının nümayəndələri də olublar.

Keçidlər