LƏNKƏRANDA “GÜL BAYRAMI”
Mayın 10-da müasir Azərbaycan dövlətinin qurucusu və memarı, dünya şöhrətli siyasətçi, Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Lənkəran şəhərindəki Heydər Əliyev Xatirə Parkında möhtəşəm “Gül bayramı” keçirildi.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatlarının rəhbərləri və nümayəndələri, təhsil müəssisələrinin və uşaq bağçalarının kollektivləri, şəhər sakinləri “Gül bayramı”nda iştirak edirdilər.
Mərasim iştirakçıları burada rayonun uşaq bağçaları kollektivlərinin güllərdən hazırladıqları əl işlərindən ibarət dövlət atributlarına, müxtəlif fiqurlara, mənzərələrə, yubilyarla bağlı şəkillərə, tablolara, pannolara və s. maraqla tamaşa etdilər.
Builki bayram tədbirində ilk dəfə olaraq Lənkəranın ayrı-ayrı fermerləri tərəfindən yetişdirilən gül dibçəkləri, təbii güllər nümayiş etdirildi və iştirakçılar tərəfindən çox maraqla, rəğbətlə qarşılandı.
Mərasim boyunca fidanların ifasında Ulu Öndərə ithaf olunmuş şeirlər söylənildi, rəqslər ifa edildi, nəğmələr səsləndirildi, şəhər uşaq rəssamlıq məktəbi şagirdlərinin Ümummilli Liderə həsr etdikləri rəsm əsərləri, Mərkəzi Kitabxana Sistemi tərəfindən təşkil olunan kitab sərgisi nümayiş etdirildi.