Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ KONFRANS

08 may 2015 | 15:00

Mayın 8-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası Lənkəran şəhər Təşkilatı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş konfrans keçirdi.
     Konfransı giriş sözü ilə açan YAP Lənkəran şəhər Təşkilatının sədri İlqar Dadaşov konfrans iştirakçılarına İcra başçısı Taleh Qaraşovun salamlarını çatdırdıqdan sonra  bildirdi ki, birgə tədbirlər planına əsasən rayonumuzun bütün idarə, müəssisə, təşkilatlarında, universitet, kollec və orta ümumtəhsil məktəblərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir.
     İ.Dadaşov çıxısında dedi ki, XX əsrin 60-ci illərinin sonlarından başlayaraq 35 ilədək bir müddətdə Ümummilli Liderin rəhbərliyi ilə xalqımız ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində böyük dirçəlişə nail olmuşdur. Ölkə iqtisadiyyatının sürətli inkişaf strategiyasını gerçəkləşdirən Ulu Öndər Azərbaycanı tarixin sərt sınaqlarından inamla çıxarmışdır.
      İlqar Dadaşov daha sonra dahi rəhbərin ötən əsrin 70-80-ci illərində rayonumuza etdiyi tarixi səfərlərindən, həmin illərdə  əhalinin həyat səviyyəsinin durmadan yaxşılaşmasından  və s. məsələlərdən ətraflı söz açdı.
    YAP rəsmisi bildirdi ki, 1993-cü ildə Azərbaycanın müasir milli inkişaf siyasətinin əsasını qoyan Heydər Əliyev 10 il ərzində möhkəm iradəsi, uzaqgörən və qətiyyətli siyasəti, dövlət idarəçilik istedadı sayəsində respublikamızın suverenliyini qoruyub saxladı, cəmiyyət həyatının bütün sahələrində köklü islahatlar həyata keçirildi, ölkəmizin iqtisadi qüdrətinin artması, əhalinin sosial rifahının yüksəldilməsi üçün əsaslı zəmin yaradıldı.
       İ.Dadaşov həmçinin 1992-ci il noyabrın 21-də yaradılmış Yeni Azərbaycan Partiyasının Ulu Öndərin rəhbərliyi ilə keçdiyi şərəfli yoldan, YAP-ın indiyədək keçirilən bütün prezident, parlament, bələdiyyə seçkilərində qazandığı parlaq qələbələrdən, Lənkəranda hazırda YAP üzvlərinin 10500 nəfərə çatmasından, gənclərin partiyaya axınından, YAP fəallarının rayonda keçirilən tikinti-quruculuq və abadlıq işlərində fəal iştirakından söz açdı, möhtərəm Prezidentimiz İlham Əliyevin Lənkəranın sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi haqqında imzaladığı sərəncamların müvəffəqiyyətlə icra edilməsindən, Birinci Avropa Oyunlarının Bakıda keçirilməsinin tarixi əhəmiyyətindən, respublikanın rayonları arasında ilk olaraq Lənkəranda Alov  Festivalının çox mütəşəkkil və uğurla keçirilməsindən ətraflı danışdı.
      Sonra YAP Lənkəran şəhər təşkilatının sədr müavini Əlimərdan Əliyev çıxışında bildirdi ki, Ümummilli Lider Heydər Əliyev şəxsiyyətinin Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Ulu Öndər müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində müasir Azərbaycan dövlətini qurmuş, xalqımızın müstəqillik arzularını gerçəkləşdirmişdir. Məhz Ümummilii Liderin məqsədyönlü və dərin düşünülmüş siyasəti, əzmkar fəaliyyəti nəticəsində ölkəmizin geostrateji, iqtisadi və mədəni potensialından istifadə edilərək Azərbaycanda müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu sisteminin formalaşdırılmasına nail olunmuşdur.
      Ə.Əliyev daha sonra qeyd etdi ki, müasir Azərbaycanda vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış, elm, təhsil və mədəniyyətin inkişafı məhz xalqımızın böyük oğlu Heydər Əliyevin adıyla bağlıdır. Hazırda 50 milyonluq Azərbaycan xalqının lideri möhtərəm Prezidentimiz İlham Əliyev bu siyasəti dönmədən davam etdirir. Bu siyasi kurs həyatımızı hər gün gözəlləşdirir, rövnəqləndirir. Milli həmrəyliyimizi, bu monolit birliyi heç bir qüvvə poza bilməz.
     Azərbaycan hazırda beynəlxalq tədbirlərin, konfransların, simpoziumların, möhtəbər idman yarışlarının keçirildiyi bir məkana çevrilmişdir. Bütün bunlar Heydər Əliyev siyasətinin təntənəsidir.
    Ə.Əliyev sonda YAP Lənkəran şəhər Təşkilatının bütün üzvlərinin rayonumuzun ictimai-siyasi həyatında oynadığı rolundan, onların avanqard qüvvəyə çevrilməsindən danışdı və Ulu  Öndərin 92-ci ildönümü münasibətilə bütün siyasi həmfikirlərini təbrik etdi.
     Konfransda partiya fəallarından Mamusta kənd sahə xəstəxanasının baş həkimi Şakir Qasımov, YAP Təhsil şöbəsi ərazi ilk partiya təşkilatının sədri Güloğlan Bağırov və başqaları çıxış edərək birmənalı olaraq vurğuladılar ki, bu gün hər bir Vətən övladı dərk etməlidir ki, ölkəmiz əldə etdiyi bütün bu uğurlara görə məhz Ulu Öndər Heydər Əliyevə borcludur.  Nə qədər müstəqil Azərbaycan dövləti varsa, Ümummilli Liderimizin ideyaları yaşayacaq, yolumuza nur və işıq saçacaqdır.
   Konfransda Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Nəsimi Məmmədov iştirak edirdi.

Keçidlər