LƏNKƏRAN TARİXİN CANLI SƏHİFƏLƏRİNİN ŞAHİDİ OLDU
Mayın 2-də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə Müdafiə Nazirliyi və Lənkəran Şəhər İcra Hakimiyyəti ilə birgə Lənkəran rayonunda faşizm üzərində qələbənin 70 illiyinə həsr olunmuş “Tarixin canlı səhifələri” adlı III Gənclər Festivalı keçirildi.
Ali təhsil müəssisələrinin tələbələrinin iştirak etdiyi Festivalın keçirilməsində məqsəd, gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək, xalqımızın hərb və döyüş tarixini gənclərə əyani olaraq çatdırmaqdır.
Axşam saat 18:00 radələrində Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov, Milli Məclisin I vitse-spikeri Ziyafət Əsgərov, Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli, Gənclər və İdman naziri Azad Rəhimov, Müdafiə nazirinin müavini, general-leytenant Kərim Xəlilov, Respublika Narkotiklərlə Mübarizə Baş İdarəsinin rəisi, general-mayor Həzi Aslanov, Qırğızıstan və Belarus respublikalarının Azərbaycandakı səfirliklərinin nümayəndələri və digər qonaqlar Heydər Əliyev Xatirə Parkına gələrək Ulu Öndərin abidəsini ziyarət etdilər, abidənin önünə təzə-tər qərənfil dəstələri qoydular.
Sonra tədbir iştirakçıları iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun ev-muzeyinə gəldilər. Burada onları gül-çiçəklə, musiqinin müşayiəti ilə qarşıladılar. Qonaqlar cəsur sərkərdənin ömür və şanlı döyüş yolunu əks etdirən eksponatlarla tanış oldular, ev-muzeyinin direktoru Tamara Fətullayeva və Müdafiə Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı, polkovnik Abdulla Qurbani onlara Həzi Aslanov haqqında ətraflı məlumat verdilər, maraqlı xatirələr söylədilər.
Çay süfrəsi arxasında davam etdirilən söhbət zamanı Ümummilli Lider Heydər Əliyev tərəfindən ölkəmizdə müharibə veteranlarına göstərilən diqqət və qayğıdan, hazırda bu siyasətin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla, dönmədən davam etdirilməsindən söz açıldı, dövlət başçımızın alman faşizmi üzərində qələbənin 70 illiyi ilə əlaqədar imzaladığı Sərəncamın əhəmiyyətindən, təsdiq olunmuş Tədbirlər Planına əsasən respublikamızda keçirilən silsilə tədbirlərin yeniyetmə və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsində oynadığı müstəsna rolundan və s. məsələlərdən danışıldı.
Abdulla Qurbani yeni kitabını qonaqlara hədiyyə etdi.
İsmayıl Talışinski adına muğam üçlüyünün ifasında səsləndirilən könül oxşayan təranələr, xüsusilə Həzi Aslanovun sağlığında sevə-sevə dinlədiyi və zümzümə etdiyi “Ay bəri bax” xalq mahnısı tədbir iştirakçılarında xoş ovqat yaratdı, hamını duyğulandırdı.
Axşam saat 20-də Göyşaban kəndinin yaxınlığında yerləşən geniş bir ərazidə quraşdırılmış səhnədə layihəyə start verildi. Burada yaradılmış mənzərə müharibə illərini xatırladırdı.
Cari ildə 105 illiyi qeyd edilən 2 dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş, şəxsi igidlik və qoçaqlığına görə 3 Qırmızı Bayraq ordeni, 2-ci dərəcəli Suvorov ordeni, Aleksandr Nevski ordeni, 1-ci dərəcəli Vətən müharibəsi ordeni, 2 Qırmızı Ulduz ordeni general-mayor Həzi Aslanovun, nəinki Azərbaycanın, eyni zamanda, Qafqazın ilk Sovet İttifaqı Qəhrəmanı adını almış İsrafil Məmmədovun, adı belə faşistləri qorxuya gətirən, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin partizan həyatı canlandırıldı.
Həmçinin, festivalda Şərqşunas və tarixçi, Sovet İttifaqı Qəhrəmanı, Dövlət Mükafatı Laureatı, Əməkdar elm xadimi, Azərbaycan xalqının milli mənafelərini qorumaq nöqteyi-nəzərindən və tarixi həqiqəti bugünkü nəsillərə, dünya tarixinə çatdırmaq baxımından əvəzsiz əsərlərin müəllifi Ziya Bünyadovun döyüş şücaətləri 200 nəfərdən çox aktyor və tələbələr tərəfindən tamaşaçılara təqdim edildi.
Festivalda Taleh Qaraşov, Ziyafət Əsgərov, Hadi Rəcəbli, Azad Rəhimov, Kərim Xəlilov, Həzi Aslanov, digər dövlət rəsmiləri, xarici ölkələrin səfirliklərinin nümayəndələri, 1000 nəfərdən çox yerli əhali, eyni zamanda, Böyük Vətən Müharibəsi veteranları iştirak edirdilər.