LƏNKƏRANDA ALOV FESTİVALI
Birinci Avropa Oyunlarının məşəli aprelin 29-da Naxçıvan Muxtar Respublikasından Lənkərana gətirildi.
Lənkəran şəhərinin Bayraq Meydanında Naxçıvandan gətirilmiş Olimpiya məşəlinin qarşılanma mərasimi oldu.
Alov festivalının rəmzi qapısında Yunan-Roma güləşi üzrə 1997-ci ildə Dünya, 1999-cu ildə Avropa çempionu olmuş, Beynəlxalq dərəcəli idman ustası Pərviz Qasımzadə Olimpiya məşəlini qəbul etdi.
Bayraq Meydanından başlayaraq estafeti 14 lənkəranlı məşəlçi davam etdirdi. 4,8 kilometr məsafədə məşəli növbə ilə bir-birinə ötürən idmançılar rayon sakinlərinin alqış sədalarının müşayiəti ilə Heydər Əliyev prospekti ilə hərəkət edərək Heydər Əliyev Parkına çatdırdılar.
Yüngül atletika üzrə müəllim Məlahət Tağıyeva məşəli Heydər Əliyev Parkında qurulmuş səhnəyə qaldırdı.
M. Tağıyeva Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovla birlikdə səhnədəki məşəli alovlandırdı.
Tədbirdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov əlamətdar gün münasibətilə lənkəranlıları təbrik edərək bildirdi ki, ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi Azərbaycanın bütün sahələrdə qazandığı uğurların göstəricisidir.
Mərasimdə “Nənələr” folklor kollektivinin, müğənni Cavad Rəcəbovun, rayon musiqi məktəbinin xor kollektivinin çıxışları parka toplaşanlar tərəfindən sürəkli alqışlarla qarşılandı.
Alov Festivalında aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Azərbaycanın birinci xanımı, I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki və eləcə də 150-dən artıq qonağın iştirakı ilə dövlətimizin başçısı tərəfindən “Atəşgah” məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi.
Alov şousu festival iştirakçılarına xoş ovqat bəxş etdi və möhtəşəm atəşfəşanlıqla sona çatdı.